İranda məcburi hicab tələbi ləğv edilib? - AÇIQLAMA

İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zor tətbiq etməklə həll etmək mümkün deyil. Pezeşkian vurğulayıb ki, qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğrudur. Prezident əlavə edib ki, məscidlər mədəniyyət qurmaq funksiyasını yerinə yetirməlidir, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə həll edilməlidir.

Prezidentin bu açıqlaması İranda hicab qanununun ləğv edilməsi kimi şərh edilib. Bununla yanaşı, sosial şəbəkələrin İran seqmentində qanunun ləğv edilmədiyi də vurğulanıb. Bəs İranda hicab qanunu ləğv edilib, ya yox?

Lim10.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan Güney azərbaycanlı fəal Aslan Sultani bildirib ki, İranda mövcud rejimin qurulmasında əsas məqsəd ölkədə şəriət qanunlarının qüvvəyə minməsi idi, hazırda da dövlət bu qanunlarla idarə edilir:

"Şəriət qanunları ilə idarə olunan ölkədə hicab məcburidir. Yəni konstitusiyada dəyişiklik olmadığı müddətdə qanun dəyişdirilə bilməz. Konstitusiyanın dəyişdirilməsi isə çətin məsələdir".

"Bu məsələ, əsasən, qadınların hüquqları ilə bağlıdır. Bu baxımdan, hazırkı hökumət xanımlara daha çox azadlıq verməyə başlayıb. Məsələn, başlarını tam bağlamır, şal örtürlər, saçları görünür. Artıq əyləncə məclislərində rəqs edirlər və s.

Lakin bu azadlıq qeyri-rəsmi yerlər üçündür: küçələrdə, parklarda qadınlar başlarını bağlamadan gəzə bilirlər. Amma rəsmi yerlər üçün belə sərbəstlik məqbul deyil. Yəni qeyri-rəsmi şəkildə qadınların azadlıqlarına mane olmurlar, amma rəsmi olaraq hicab qanunu ləğv edilməyib. Bu, birbaşa ali rəhbərlik tərəfindən verilən qərardır ki, insanları çox sıxmaq lazım deyil. Çünki İranın vəziyyəti, onsuz da, yaxşı deyil, əks halda dövlət daha çox təzyiqlərə məruz qalar", - deyə fəal əlavə edib.