Oktyabrın 17-dən etibarən Qazaxıstanda pedofiliya ilə bağlı məhkumlara tətbiq olunan kimyəvi axtalama proseduru yenilənmiş qaydalarla həyata keçiriləcək.
Lim10.az milli.az-a istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, bu tədbir məhkumun azadlığa çıxmasına 6 ay qalmış, məhkəmə qərarı ilə tətbiq olunacaq.
Qaydalar yalnız 18 yaşdan yuxarı və yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayət törətmiş şəxslərə aiddir. Prosedur əsasən həbsxanalarda həyata keçirilir; azadlıqdan məhrum edilənlər üçün cəzaçəkmə müəssisəsində, digər hallarda isə ambulator tibbi müəssisədə icra olunur.
Həbsxana rəhbərliyi məhkəməyə azadlığa çıxmağa 12 ay qalmış materialları təqdim edir, məhkəmə isə məhkumun psixi vəziyyətini və cinsi zorakılığa meylliliyini ekspertizaya göndərir. Psixi pozuntu aşkar edilmiş şəxslərə bu qaydalar tətbiq edilmir.
Qazaxıstanda pedofiliya cinayəti üçün ömürlük həbs cəzası nəzərdə tutulub.