DYP hava şəraitinin dəyişməsi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Lim10.az xəbər verir ki, müraciətdə deyilir:
 
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin müxtəlif bölgələrində güclü külək əsəcəyi proqnozlaşdırılır. Belə hava şəraiti nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirə, küləyin təsiri ilə avtomobilin hərəkət trayektoriyasına nəzarəti zəiflədə və xüsusilə qoşqulu yük nəqliyyat vasitələrinin idarə olunmasında təhlükə yarada bilər".
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb. Sürücülərə hava və yol şəraitinə uyğun sürət rejimini seçmək, ara məsafəsini qorumaq, ötmə və manevr zamanı ehtiyatlı olmaq, həmçinin avtomobillərin şinlərinin təzyiqini və texniki vəziyyətini əvvəlcədən yoxlamaq tövsiyə olunub:
"Küləkli hava şəraitində açıq yollarda və körpülərdə hərəkət edən sürücülər, xüsusilə yük maşınları, avtobus və mikroavtobus idarə edənlər sükan arxasında daha diqqətli olmalı, ani istiqamət dəyişmələrindən çəkinməlidirlər.
Piyadalara küləkli və ya yağışlı hava şəraitində yolu keçərkən diqqətli olmaq, yalnız piyada keçidlərindən istifadə etmək, həmçinin görünmə şəraitinin məhdud olduğu hallarda geyimlərində işıq əks etdirən elementlərdən istifadə etmək tövsiyə edilir.
Velosiped, skuter və moped sürücülərinə isə belə hava şəraitində balansın itirilməsi və qəfil hadisələrin baş vermə ehtimalının artdığını nəzərə alaraq, ehtiyatlı davranmaq, mümkün qədər kəskin külək və yağış zamanı hərəkətdən çəkinmək məsləhət görülür".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladıb ki, hava şəraitindən asılı olmayaraq, hər bir hərəkət iştirakçısının diqqətli və məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.