Əfsanə reallığa çevrildi: Kolizeyin altındakı gizli tunel ziyarətə açılır

Romada ilk dəfə ictimaiyyət üçün Kolizeyin altındakı gizli tunel açılacaq.

Lim10.az "The Sun"a istinadla xəbər verir ki, Kolizey Arxeoloji Parkında yerləşən və italyanca “Passaggio di Commodo” - “Kommod tuneli” adlandırılan bu yer bərpadan sonra turistlərin ixtiyarına veriləcək.

Məlumatlara görə, tunel Domisianın (e.ə. 81–96-cı illər) və Trajanın (e.ə. 98–117-ci illər) hakimiyyətləri dövrü arasında inşa edilib. Lakin o, qladiator döyüşlərinin böyük həvəskarı olan Roma imperatoru Kommodun (e.ə. 180–192-ci illər) şərəfinə adlandırılıb. Tunel Kolizeyin cənub hissəsində yerləşən və imperiyanın yüksək rütbəli şəxsləri üçün nəzərdə tutulmuş “pulvinar” (səhnə) hissəsini abidənin xarici tərəfi ilə birləşdirirdi.

Arxeoloqların sözlərinə görə, gizli tunelin yaradılması planı hələ Flaviylər amfiteatrının inşası zamanı əlavə edilib və o, I–II əsrlər arasında tikilib.

Yeraltı keçid, həmçinin Kolizey arenasının dəniz döyüşləri zamanı su ilə doldurulması üçün istifadə olunurdu və bərpa işlərinə rəhbərlik edən arxeoloqlar bildirirlər ki, bu ərazinin altından hələ də su axır.

Tunel XIX əsrdə Flaviylər amfiteatrının bünövrəsi qazıntıları zamanı aşkar olunub və 55 metr sonra kəsilir. Onun qalan hissəsi Romada kanalizasiya borularının çəkilməsi zamanı dağıdılıb. Buna görə də tunelin hara aparması həm tarixçilər, həm də arxeoloqlar üçün hələ də sirr olaraq qalır.

Bəzi mütəxəssislər ehtimal edirlər ki, tunel şərq istiqamətində, qladiatorların kazarmaları olan Ludus Magnus və ya Seliy təpəsinə doğru uzanırmış.

Qeyd edək ki, Kolizey eramızdan əvvəl 80-ci ildə inşa edilib və bu günə qədər dünyanın ən böyük amfiteatrı olaraq qalır. XXI əsrdə Kolizey “Dünyanın Yeddi Yeni Möcüzəsi” adına namizəd olmuş və 2007-ci il 7 iyulda elan olunan səsvermə nəticələrinə əsasən, bu möcüzələrdən biri kimi tanınıb.

Həmidə İbrahimova