20 dəfə uğursuz olub, 21-cidə milyarder oldu

Apoorva Mehtanın hekayəsi sübut edir ki, bəzən uğura çatmaq üçün dəfələrlə yıxılmaq lazımdır.

Lim10.az Valyuta.az-a istinadən xəbər verir ki, 0, "Instacart”ı qurmamışdan əvvəl 20 müxtəlif startap sınaqdan keçirmişdi və hamısı uğursuzluqla nəticələnmişdi. Lakin o, dayanmadı və bu inadkarlıq sonradan milyonlarla insanın gündəlik həyatını dəyişən bir ideyaya çevrildi.

Kanadada doğulan Mehta mühəndislik təhsili almış, bir müddət "Amazon”da logistik sistemlər üzərində işləmişdi. O, daim öz işindən daha mənalı bir şey yaratmaq istəyirdi. Bir gün evə gəldiyində soyuducusunun boş olduğunu və ərzaqları asan yolla sifariş edə bilmədiyini gördü. Bu, "Instacart”ın yaranmasına səbəb olan an idi.

2012-ci ildə o, San-Fransiskoda kiçik bir komanda toplayaraq tətbiqi qurdu. İlk sifarişləri özü çatdırır, istifadəçilərlə birbaşa əlaqə saxlayırdı. Az sonra "Instacart” ABŞ-da ən populyar ərzaq çatdırma platformalarından birinə çevrildi. Xüsusilə pandemiya dövründə evdə qalmaq məcburiyyətində olan insanlar üçün bu tətbiq həyat qurtaran xidmətə çevrildi.

Şirkətin dəyəri 2021-ci ildə 39 milyard dollara qədər yüksəldi və Apoorva Mehta həmin dövrdə "Forbes”in milyarderlər siyahısına daxil oldu. 2023-cü ildə "Instacart” birjada listinqə çıxdı və bazar dəyəri təxminən 10 milyard dollar səviyyəsində qiymətləndirildi. 2024-cü ilin maliyyə hesabatlarına görə, şirkətin illik gəliri 3,3 milyard dollara çatıb, xalis mənfəəti isə 457 milyon dollar olub. Platformada bir il ərzində 33 milyard dollardan çox dəyərində əməliyyat həyata keçirilir.

Hazırda Apoorva Mehtanın sərvəti təxminən 850–900 milyon dollar civarındadır. O, artıq şirkətin gündəlik idarəçiliyində iştirak etmir, lakin "Instacart”da pay sahibi və strateji məsləhətçi kimi qalır. Hekayəsi sadə, amma güclü bir dərs verir - uğur ilk cəhddə gəlməyə bilər, amma hər uğursuz addım sonrakı nailiyyətin pilləsidir.

"Instacart” bu gün sadəcə çatdırma xidməti deyil, həm də süni intellektə əsaslanan reklam və məlumat analitikası şirkətinə çevrilib. Şirkətin 2024-cü ildə reklam gəlirləri 1 milyard dolları keçib və bu istiqamət sürətlə böyüyür.

Apoorva Mehta bir müsahibəsində deyirdi:

"Mən 20 dəfə uğursuz oldum, amma bir dəfə düzgün qərar verdim və bu, hər şeyi dəyişdi".