Türkiyədə məşhur "Falaadin" və "Binnaz" tətbiqlərinin sahibi Sertaç Taşdelen azadlığa buraxılıb.
Lim10.az xəbər verir ki, İstanbulda falçılıq tətbiqləri vasitəsilə informasiya sistemi yaradaraq cinayət yolu ilə gəlir əldə etdiyi və bu gəlirləri ölkə xaricinə çıxardığı iddiaları əsasında barəsində ittiham aktı çıxarılan Sertaç Taşdelen hakim qarşısına çıxıb.
"Bizim burada əsla çirkli pulların yuyulması ilə məşğul olmağımız mümkün deyil. Mənim yeganə məqsədim bu ölkədə istehsal etməkdir. Texnologiya ixrac edib ölkəmizə qazandırmaqdır", - deyə Sertaç Taşdelen özünü müdafiə edərkən bildirib.
Məhkəmə aralıq qərarını açıqlayıb və təqsirləndirilən şəxsin ev dustaqlığı ədliyyə nəzarəti şərti ilə azadlığa buraxılmasına hökm verib.
Xatırladaq ki, falçılıq, astrologiya, spiritualizm, mediumluq və ulduz xəritəsi təklif edən "Faladdin" və "Binnaz" tətbiqlərinin sahibi Sertaç Taşdelen barəsində "Cinayət yolu ilə əldə edilən mal varlığının yuyulması" ittihamı ilə 3 ildən 7 ilə qədər həbs cəzası tələb edən ittiham aktı çıxarılmış və o, iyul ayında həbs edilmişdi.(oxu.az)



















