Doğuşa görə atalara 14 günlük ödənişli məzuniyyət veriləcək

Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək.

Lim10.az xəbər verir ki, bu təkliflər Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Belə ki, Azərbaycan BƏT-in ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq Məcəlləyə "ailə vəzifələri olan işçi", "minimum əməkhaqqı" anlayışı daxil edilir.

Bundan başqa, BƏT-in 165 nömrəli Tövsiyəsinə uyğun olaraq Əmək Məcəlləsinin 94-cü maddəsinin yenidən işləməsi təklif edilir. Dəyişikliyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir.

"Analığın mühafizəsi" Konvensiyasının tələblərinə əsasən isə Əmək Məcəlləsinə yeni hissə əlavə edilir. 

Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq. Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Mürtəza