"Rusiyanın bu yöndə istənilən səviyyədə təzyiqi heç bir siyasi nəticə verməyəcək. Belə açıqlamalar sadəcə "könül bulandırmaq" xatirinə edilir. Çünki heç bir vəchlə Zənzəgur dəhlizi məsələsinə zərrə qədər də olsa təsirləri olmayacaq və zamanında dəhliz açılacaq".
Lim10.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyanın Ermənistandakı səfirinin müşaviri Dmitri Litskayın Zəngəzur dəhlizi məsələsinə toxunarkən Cənubi Qafqazda Rusiya və İrandan yan keçən nəqliyyat layihələrinin mahiyyət etibarı ilə sərfəli olmadığı və region ölkələri arasında əməkdaşlığa xələl gətirmək məqsədi daşıdığı barədə bəyanatını şərh edərkən deyib.
Ekspert qeyd edib ki, ortaya atılan bu iddianın özü heç bir rəqabətə dözmür:
"Çünki Çindən Qazaxıstan, oradan Azərbaycana və Zəngəzur dəhlizilə Türkiyə və Avropaya çıxış yolu çox rentabelli və zaman baxımından əhəmiyyətli nəqliyyat kommunikasiya vasitəsidir. Paralel olaraq bu gün ticarət yollarının işləməməsində bilavasitə səbəbkar olan dövlətlərin başında məhz Rusiya durur. Moskvanın Ukraynaya təcavüzü bir çox ticarət yollarını iflic edib. Ona görə də bir çox ölkələr yeni ticarət yollarının axtarışına çıxıblar ki, bu kontekstdə də Orta Dəhliz variantı üstünlük təşkil edir".
Politoloq bildirir ki, Orta Dəhlizin bir istiqaməti Şimal-Cənub Dəhlizilə kəsişir və burada da birləşdirici körpü rolunda Azərbaycan çıxış edir:
"Məsələ ondadır ki, bu dəhlizlərə Rusiya nəzarət edə bilmir. Rusiya bu imkanı çoxdan qaçırıb. Təzyiqlə oyun oynayanda Kreml anlamalı idi ki, hansısa mərhələdə oyundankənar vəziyyətdə qala bilər. 8 avqust razılaşmasına zəmanət verən tərəf də Rusiya deyil, ABŞ-dır".
Həsöhbətimiz düşünür ki, burada ittiham ediləcək tərəf varsa o da Rusiyanın özüdür, yürütdüyü yanlış siyasətidir:
"Ona görə də kimsə Rusiya və ya İranda bu yöndə danışacaqsa, bunlar sadəcə söh-söhbətlərdir ki, onun da yekun siyasi qərara heç bir təsiri olmayacaq. Kremlin "Tramp yolu” ilə bağlı etirazı varsa, bunu açıq şəkildə Donald Trampın özünə yönəldə bilər. Amma maraqlıdır ki, Trampın adı gələndə Moskva ümumiyyətlə Zəngəzur dəhlizi məsələsini qabartmır. Eyni şey İrana da aiddir".
Qeyd edək ki, Rusiya özünün iştirakı olmadan Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizlərinə qısqanc yanaşmaqda davam edərək, bu istiqamətdə təzyiqlərini gücəndirməyə çalışır. Rusiyanın Ermənistandakı səfirinin müşaviri Dmitri Litskay bu məsələyə toxunarkən Cənubi Qafqazda Rusiya və İrandan yan keçən nəqliyyat layihələrinin mahiyyət etibarı ilə sərfəli olmadığı və region ölkələri arasında əməkdaşlığa xələl gətirmək məqsədi daşıdığını bildirib. Rusiyalı diplomat Zəngəzur dəhlizini nəzərdə tutaraq bildirib ki, Qərb tərəfdaşlarının təşviq etdiyi marşrutlar Rusiya və İrandan yan keçir və bu layihələr iqtisadiyyatdan çox geosiyasətə əsaslanır. Litskay 3+3 platforması barədə qeyd edib ki, bu format əgər onlar regiona konstruktiv ideyalarla gəlirlərsə, xarici qüvvələrlə əməkdaşlığı istisna etmir. Diplomatın sözlərinə görə, Rusiya regiondakı proseslərin müzakirəsi zərurətini nəzərə alaraq yeni görüşlərin keçirilməsini gözləyir. Növbəti görüşün Azərbaycan və Ermənistanda baş tutmalı olduğu, məkan seçiminin tərəfdaşların qərarına buraxıldığı qeyd edilib.



















