İsrail və “HƏMAS” arasında döyüşlərlə bağlı son vəziyyət...

Hazırda Qəzzanın cənub hissəsində döyüşlər davam edir.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatlarda qeyd olunub. Bildirilib ki, İsrail ordusu Qəzza zolağında “HƏMAS” silahlılarına aid olan 1 707 hədəfi vurub. İsrail ordusunun mətbuat xidməti qeyd edib ki, hədəflər həm qurudan, həm də dənizdən atılan raketlər vasitəsilə vurulub. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcərin sözlərinə görə, onların ordusu Qəzza sərhədinə nəzarəti bərpa edib. “HƏMAS” İsrailin Qəzzanı bombalamasına cavab olaraq girovları edam etməklə hədələyib. Onlar bildiriblər ki, mülki evlərin əvvəlcədən xəbərdarlıq edilmədən məqsədyönlü şəkildə vurulması, əsir götürülən mülki İsrail vətəndaşlarının edam edilməsi ilə nəticələnəcək və bu canlı olaraq yayımlanacaq. Əldə olan məlumatlara görə, "HƏMAS" silahlıları 200-dən artıq İsrail vətəndaşını girov götürüb. Xatırladaq ki, “Həmas” şənbə günü İsrailə qarşı qəfil hücuma keçib və bunun ardınca İsrail tərəfi cavab hücumu edib. Rəsmi İsrail və Fələstin hakimiyyət orqanlarının məlumatına görə, İsraildə ölənlərin sayı 900-ü, Qəzzada isə 560-ı ötüb.