Şərqi Azərbaycan valisi Ermənistana səfər edib


Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəm Azərbaycan Respublikasına səfərindən sonra qonşu ölkələrə sayca ikinci səfəri olaraq bu gün səhər saatlarında əyalətin iş adamlarından ibarət iqtisadi və ticarət nümayəndə heyətinin müşayiəti ilə Ermənistana yola düşüb.

"Bu səfər əyalətimizin sərhəd imkanlarından istifadə edərək beynəlxalq əlaqələrin inkişafı yönündə və İran hökumətinin bununla bağlı sərhədyanı əyalətlərə verdiyi səlahiyyətlər əsasında həyata keçirilir"-deyə o, İrəvana yola düşməmişdən öncə Təbrizin "Şəhid Mədəni" hava limanında jurnalistlərə bildirib.

Vali İrəvana səfərinin məqsədinin gömrük və nəqliyyat məsələlərinin müzakirəsi, iki ölkənin sərhədində ortaq ticarət və İranla Ermənistan arasında birgə texnologiya şəhərciyinin yaradılmasına nail olmaq olduğunu deyib.

Şərqi Azərbaycan valisi səfər çərçivəsində Ermənistanın iqtisadiyyat, ekologiya, infrastruktur nazirləri və digər rəsmi şəxsləri ilə görüşəcəyini qeyd edib.