Rusiyaya qanunsuz aparılan 20 min uşaqdan yalnız 517-si qaytarılıb 

Rusiya Ukraynanı tammiqyaslı işğal etməyə başlayandan bu ölkəyə qanunsuz aparılan on minlərlə uşaqdan yalnız 517-si geri qaytarılıb. Açıqlamanı Ukraynanın insan haqları komissarı Dmitri Lubinets verib.
Ukrayna hakimiyyətinin ötən ilin sonuna olan məlumatına görə, azı 19 min 546 uşaq Rusiyaya aparılıb. Bunlar yalnız rəsmi qeydə alınan hallardır, real rəqəmin daha yuxarı olduğu bildirilir.
Hamını qaytarmaq
Yanvarın 14-də Davosda Dünya İqtisadi Forumunda danışan Lubinets bildirib ki, 150-si mülki şəxs olmaqla 2 min 828 nəfər yetkin yaşlı da qayıdıb.
"Vəzifəmiz hamını qaytarmaqdır”, -- deyən Lubinets beynəlxalq ictimaiyyəti “bu yöndə səyləri dərhal artırmağa” çağırıb.
Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi ötən ilin martında Rusiya Prezidenti Vladimir Putin və insan haqları komissarı Mariya Lvova-Belova barəsində həbs orderi çıxarıb. Onlar 2022-ci ilin fevralında Ukraynanın işğalı başlayandan ukraynalı uşaqların qanunsuz deportasiyası, adamların Rusiyadan Ukraynaya qanunsuz aparılmasında ittiham olunurlar.
Kreml isə məcburi deportasiya ittihamlarını rədd edir, uşaqları əməliyyatlardan “xilas etdiyini”, onları valideynlərinə və qəyyumlara qaytarmağa hazır olduğunu deyir.
BMT müharibədən əziyyət çəkən, həmçinin xaricdə sığınacaq axtaran ukraynalıları üçün bu il 4.2 milyard dollarlıq humanitar yardım üçün donorlara müraciət edib.
BMT 3.1 milyard dolları, yəni ümumi yardımın 75 faizinin Ukraynada yaşayan 8.5 milyon nəfərə, qalan 1.1 milyard dollarını isə başqa ölkələrə sığınan ukraynalı qaçqınlara ayrılacağını bildirir.