Ukraynada çeçen batalyonu ilə hərbi polis arasında toqquşma baş verib

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Melitopol şəhərində “Vostok-Axmat” çeçen batalyonunun döyüşçüləri ilə Rusiya hərbi polisinin arasında toqquşma baş verib.
Bu insidentin videoları Rusiya və Ukrayna teleqram-kanallarında dərc olunub.
İki dəqiqəlik videoda yol postunda dayanmış hərbçi xarici markalı maşınlardan ibarət karvanı saxlayır.
Bunların arasında Moskva nişan nömrəli Mercedes də var. Postdakı hərbçi bu maşında əyləşəndən onların hərəkəti üçün döyüş tapşırığının olub-olmadığını soruşur.


"Müddətsiz" buraxılış vəsiqəsi


Sükanın arxasında oturmuş şəxs hərbi polis əməkdaşına bir kağız göstərir və bunun “müddətsiz” buraxılış vəsiqəsi olduğunu iddia edir.
Amma sənədi yoxlayan hərbi polis əməkdaşı onun etibarsız olduğunu deyir. Polisin sözlərinə görə sənədin etibarlılığını göstərən dəqiq tarixlər olmalıdır.
Lakin Mercedesin sürücüsü onun sözünü kəsir:
"Mənə sizin dediyinizin dəxli yoxdur. Mən batalyoun komandirəyəm və sənədi batalyon komandiri verib”.
Həmin şəxs bunu dedikdən sonra söyüş söyür.
Onda sənədləri yoxlayan şəxs maşını bir tərəfə çəkməyi əmr edir. Bu zaman maşındakı başqa çeçen döyüşçülər çıxıb hərbi polis əməkdaşına bir neçə zərbə endirirlər.
Onlardan bəzilərinin tapançalarını hazırladıqları görünür. Videoda zərbə səsləri və çeçencə danışıqlar eşidilir.


“Əshab” ləqəbli Vaxa Xambulatov
Sota teleqram kanalının

məlumatına görə videodakı Vostok-Axmat batalyonunun komandiri Vaxa Xambulatovdur.
Başqa saytlar bildirirlər ki, insident Melitopolun mərkəzində, Kvartal ticarət mərkəzinin yaxınlığında baş verib.
Bu videoya habelə Xambulatovun göstərdiyi sənəd də düşüb. Kağızın üstündə Borzoyda yerləşən 291-ci motoatıcı alayının adının yazıldığı görübür.
Bundan əvvəl Çeçenistanın başçısı Ramzan Kadırov öz teleqram kanalında Vostok-Axmat batalyonunun komandiri, döyüş ləqəbi “Əshab” olan mayor Vaxa Xambulatovun adını çəkib.
O 2023-cü ilin oktyabrında Çeçenistanın ən yüksək mükafatı – Axmat Kadırov ordeni ilə təltif olunub.
Rusiya Müdafiə Nazirliyi Melitopolda baş verən insidenti şərh etməyib.


Bundan əvvəlki insident


2023-cü ilin avqustunda Mariupol rayonunun Urzuf kəndində kadırovçuların iştirakı ilə atışma baş vermişdi.
Nəticədə kəndin 7 sakini və 4 Rusiya hərbçisi həlak olmuşdu.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, Çeçenistanda belə bir insidentin baş verdiyini təsdiq etməyiblər.
Çeçenistan Respublikasının mətbuat naziri Axmad Dudayev bu informasiyanı “feyk” adlandırıb və deyib ki, “çeçen xalqının bir nümayəndəsinin də bu insidentlə heç bir əlaqəsi yoxdur”.
Bununla belə nazir insidentin baş verdiyini inkar etməyib.