Şirkət rəhbərinin içərisində 140 min manat olan maşını oğurlandı - ŞİKAYƏT

Bakıda tikinti şirkətinin rəhbərinin maşını oğurlanıb.

Avtomobilin və içərisində olan 140 min manat məbləğində pulun oğurlanmasından şikayət edən rəhbər Lim10.az-ın redaksiyasına müraciət edib.

Şikayətçi Tofiq Aslanov Lim10.az-a başına gələn hadisə barədə danışıb:

“İki gün öncə Yasamal rayonu, Zahid Xəlilov küçəsində maşınımı boş sahədə park etdim. Günorta saatlarında 90-NX-100 dövlət nömrə nişanlı “Mercedes-Benz S-Class” markalı avtomobilim içərisində 140 min manat pulla birlikdə oğurlanıb. İçərisində şəxsi əşyalarım da olub.

Şübhələndiyim şəxs yoxdur. İki gündür maşınımdan xəbər yoxdur. Quruma müraciət etdim. Lakin geridönüş olmayıb. Əvəzində maşında o qədər pulu niyə saxladığımı sual edirlər. Maşınım hələ də tapılmayıb”.

Nəzrin Vahid