Dəvə təsərrüfatı sahibi: “Restoran var ki, ildə bir dəfə dəvə əti alır, amma həmişə dəvə qutabı satır” - FOTO
“25 ildir ki, dəvə təsərrüfatı ilə məşğulam. Maştağada dəvə təsərrüfatım var. Dəvələrim çox idi, hazırda onların sayı 15-dir. Rayonda da 5 dəvəm var. Ümumi 20 dəvəm var. Seçim edirəm, bəzilərini saxlayıb, bəzilərini kəsirəm. Bir neçəsi də doğacaq. Ağ dəvələr yalnız bizim təsərrüfatdadır. Kəsmək üçün çox vaxt rayondan gətirirəm. Dəvə əti dana ətindən fərqlənmir. İribuynuzlu heyvanların əti bir-birinə oxşayır”
Bunu “Moderator”a açıqlamasında dəvə təsərrüfatı ilə məşğul olan Maştağa kənd sakini Firdovsi Axundov deyib. O, restoranlarda müştərilərə təqdim olunan dəvə qutabından da danışıb.
“Bəzən dəvə qutabı adı ilə qutab satırlar. Bizdən dəvə əti alıb aparanlar olur. Restoran var ki, ildə bir dəfə dəvə əti alıb aparır, amma ilin bütün fəsillərində dəvə qutabı satır. Bu, artıq onun insafına, vicdanına, ədalətinə qalıb. Salyanın Xıdırlı kəndində dövlət təsərrüfatı var. Sabirabadda, Kürdəmirdə də tək-tük dəvə saxlayırlar. Lazım olanda, satışa çıxaranda mənə xəbər edirlər. Şəhərdə bizim maştağalıların bir restoranı var, bilirəm ki, təmiz dəvə əti verir”, - deyə təsərrüfat sahibi bildirib.
Firdovsi Axundov deyib ki, dəvə əti hər dəfə olmur.
“Dəvənin südü də xeyirlidir. Çox vaxt xərçəng xəstələri südünü alıb içirlər. Hər dəfə də tapılmır. İnsan tanıyıram ki, dəvə südü ilə xərçəng xəstəliyi az da olsa, sağalıb. Dəvəni üç yaşında kəsirik. Adətən nəzir deyəndə kəsilir. İnsan var ki, övladı olmur, nəzir edir. Övladı dünyaya gələndən sonra dəvə kəsdirir. Bəzən də sifarişlər əsasında dəvə kəsirik. Təbii ki, Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında kəsim baş tutur. Sümüksüz dəvə əti 18-20 manat civarında olur. Baha olması az kəsilməsi ilə bağlıdır. Yanvar-fevral aylarında dəvə kəsmək problemdir. Çünki cütləşmə vaxtıdır, erkək dəvələr aqressiv olur, həm də ətlərindən qoxu gəlir. Dişi dəvələr də bu ayda doğumu ilə bağlı kəsilmir”, - deyə Firdovsi Axundov söyləyib.
Firdovsi Axundov bildirib ki, dəvələrin ağlı insan zəkasına yaxındır.
“İnsanın bəzi xüsusiyyətləri dəvədə də var. İnanmıram ki, başqa heyvanlar dəvələr kimi olsun. Dəvə insan qədər yaşayır. Necə ki, uşaq doğulanda ona iki il süd verirlər, dəvə balası da iki il süd əmir. Ona görə də ananı baladan ən azı iki il ayırmırıq. Çox qısqanc heyvandır. Dəhşətli dərəcədə. Erkək dəvə cütləşmə dövründə hansısa heyvana, yaxud insana rast gələrsə, onu öldürər. Dəvələr yay-qış açıq havada qalır. İstidə də, qarda da. Dəvə xəstələnmir. Xəstələndisə, ölür. Dəvənin xəstələnib sağalmasını görməmişəm. Bəzən özlərinə qapanırlar. Erkək dəvə dişi dəvədən yetəri qədər sevgi görməyəndə onu ürəyinə salır, yemək yemir və arıqlayır. Özüm şahidi olmuşam. Bir də insanlara oxşar ən özəl xüsusiyyətləri odur ki, cavan dəvələr bir yerdə gəzir, qoca dəvələr bir yerdə. İnsanlar kimi, ayrı-ayrı. Çox maraqlı heyvanlardır”, - deyə Firdovsi Axundov söhbətini yekunlaşdırıb.