Paşinyanı tənqidinə görə Ermənistan ictimai radiosunun rəhbəri barəsində tədbir görülür
Ermənistanın İctimai Radiosuna nəzarət edən dövlət qurumu radionun icraçı direktoru Qaregin Xumaryana qarşı intizam tədbirinin görülməsinə başlayıb.
AzadlıqRadiosunun Erməni xidmətinin əməkdaşı Azatutyun yazır ki, Xumaryan baş nazir Nikol Paşinyanın Azərbaycanla bağlı bəyanatlarını tənqid etmişdi.
Bəzi məlumatlara görə Paşinyanın bu radioya əvvəlcədən yazılmış müsahibəsi fevralın 1-də efirə verilmişdi.
Bu müsahibədə Paşinyan Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsini tənqid etmişdi.
Baş nazir bildirmişdi ki, bu bəyannaməyə istinad Konstitusiyanın preambul hissəsində qaldıqca Ermənistanın Azərbaycanla “heç vaxt sülhü olmayacaq”.
Beləliklə də Paşinyan konstitusiyanın dəyişdirilməsi planlarını müdafiə etmişdi.
Xumaryan nə yazıb?
Xumaryan Paşinyanın bu bəyanatlarını tənqid edən məqaləsini radionun internet saytında dərc edib. O iddia edib ki, baş nazir “bizim siyasi kimliyimizin sütunlarından birini” məhv etmək və “bizi - biz olmaqdan məhrum etmək” niyyətindədir:
“Bizə deyirlər ki, azərbaycanlılar güclüdür və ermənilər zəifdir. Azərbaycanlılar erməniləri qətliam edirlər. Bu sillogizm belə bir deduktiv qənaətlə yekunlaşmalıydı: “Gəlin daha güclü olaq”. Amma bunun əvəzində bizə deyirlər ki, “erməni olmağınızı dayandırın”.
O baş naziri 2020-ci il Qarabağ müharibəsindən bəri Ermənistan ordusunu yenidən qurmamaqda ittiham edib.
Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.
Paşinyan ötən həftə yenə də indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.
Beləliklə də baş nazir Ermənistana yeni konstutiya lazım olmasına dair bundan əvvəl verdiyi bəyanatı bir daha təsdiqləyib.
Prezident İlham Əliyev fevralın 1-də demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.
Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.
Ermənistan müxalifəti Əliyevin bu bəyanatı verməsini Paşinyanın Azərbaycanın təzyiqi altında 1990-cı il Müstəqillik aktını ləğv etmək niyyətində olmasının sübutu adlandırıb.
Müxalifət bəyan edir ki, Ermənistanın güzəştləri Azərbaycan “təcavüzünü” dayandırmayacaq.
Xatırlatma
Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Ancaq tərəflər sülh sazişi imzalamayıb.
Ermənistanda konstitusiyanın dəyişdirilməsinə dair mübahisələr getdikcə qızışır