Aleksey Navalnının öldürüldü!

Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnının Yamalo-Nenes muxtar dairəsindəki koloniyada öldüyü xəbər verilib.
Bu barədə məlumatı Rusiya Cəzaların İcrası Federal Xidməti yayıb:
"2024-cü il, fevralın 16-da 3 nömrəli koloniyada Aleksey Navalnı gəzintidən sonra özünü pis hiss edib, demək olar dərhal huşunu itirib. Müəssisənin tibbi heyəti dərhal gəlib və təcili yardım çağırılıb. Bütün reanimasiya tədbirləri keçirilib, amma nəticəsi olmayıb. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbi dəqiqləşdirilir”.
Onun 47 yaşı vardı.
Xidmətin məlumatında deyilir ki, Navalnı gəzintidən sonra özünü pis hiss edib və demək olar dərhal huşunu itirib.
Təcili yardımın həkimləri onu özünə gətirməyə çalışsalar da, bu, mümkün olmayıb.
Xəbər verilir ki, Cəzaların İcrası Federal Xidməti Navalnının saxlandığı və öldüyü koloniyaya komissiya göndərib.
47 yaşlı Navalnı 2021-ci ilin yanvarında Almaniyadan Rusiyaya qayıdarkən saxlanılıb. O, Berlində zəhərlənmədən müalicə alırdı, Rusiyada baş verən hadisəni xüsusi əməliyyatçıların avtoritar prezident Vladimir Putinin göstərişi ilə həyata keçirdiyini deyirdi.
Reaksiyalar
Latviya prezidenti Edqar Rinkeviç Navalnının ölümü xəbərinə reaksiya verən ilk xarici dövlət başçısı olub.
"Bir siyasətçi kimi Navalnı barədə nə düşündüyünüzdən asılı olmayaraq, o Kreml tərəfindən qəddarlıqla öldürüldü. Bu faktdır və bu fakt Rusiyada indiki rejimin təbiəti haqqında çox şeyi deyir”.
NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə Navalnının ölümü ilə bağlı bütün faktlar müəyyənləşdirilməlidir:
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan NPR agentliyinə müsahibəsində deyib ki, “təsdiqlənərsə, bu çox dəhşətli faciə olardı”:
"Rusiya hökumətinin öz opponentlərinə zərər vermək kimi uzun və rəzil tarixi real və aşkar suallar doğurur...”
Almaniya kansleri Olaf Şolts deyib ki, Navalnı “öz mətanətinin bədəlini həyatı ilə ödədi”.
Fransanın xarici işlər naziri Stefane Sejurne X platformasında yazıb ki, “Kreml tənqidçisinin islah koloniyasında ölməsi bizə Vladimir Putin rejiminin reallığını bir daha xatırladır”.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib ki, “azadlıq və demokratiya dəyərləri uğrunda döyüşən Navalnı ən böyük qurbanını verdi”.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Navalnının ölümünə xaricdən reaksiyalara əsəbi reaksiya verib:
"NATO ölkələri liderlərinin Navalnının ölümünə birbaşa Rusiyanı ittiham edən reaksiyaları özünüifşaedicidir. Məhkəmə-tibb ekspertizası hələ yoxdur, amma Qərbin çıxardığı nəticələr artıq hazırdır”.