Azərbaycan və Ermənistan liderlərinin danışığı: Vasitəçisiz yeni görüşlərə təkan - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra görüşlər keçirib. Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüşü olub. Bu tədbirə rəsmi Berlin vasitəçi kimi deyil, yalnız ev sahibi kimi təşkilatçılıq edib.

Yeri gəlmişkən, bu, iki ölkə liderinin Münhendə keçirdikləri ilk görüş deyil. 2020-ci il fevralın 15-də də Prezident İlham Əliyev baş nazir Nikol Paşinyanla məhz burada görüşmüşdü.

Ötən illərin və münaqişələrin həlli ilə bağlı tarixi təcrübə belə danışıqların daha səmərəli olduğu deməyə əsas verir.

Prezident İlham Əliyev bu il fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac olmadığını vurğulamışdı. Çünki vasitəçilər bir qayda olaraq münaqişə tərəflərinin deyil, daha çox öz maraqlarının təmin olunmasına çalışırlar. Bu amil Qarabağın işğal altında olduğu dövrdə də özünü dəfələrlə büruzə verib.

Dövlət başçısı çıxışında onların diplomatik qaydalara belə əməl etmədiklərini qeyd edib: “Bizə bu məsələdə vasitəçi lazım deyil”.

Azərbaycan Prezidenti yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq demişdi ki, Ermənistan bu sülh müqaviləsinin zəmanətçiləri olmasını istəyir: “Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır”.

Prezident Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək istəyənlərə rəsmi Bakının etiraz etmədiyini də vurğulamışdı: “Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”.

Odur ki, Münhendə reallaşan bu görüş Prezidentin irəli sürdüyü “vasitəçi lazım deyil” şərtinə beynəlxalq tədbirlər çərçivəsində də əməl edildiyinin göstəricisidir. Rəsmi Bakı belə görüşləri keçirməklə irəli sürdüyü təşəbbüslərə, təkliflərə, şərtlərə əməl etdiyini bir daha nümayiş etdirib. Bu baxımdan, Prezident İlham Əliyevin Münhendə Nikol Pşainyana son zamanlar Ermənistanın törətdiyi təxribatlara rəsmi İrəvanın aydınlıq gətirməsi üçün şərait yaradır. Bundan başqa, ikitərəfli görüşlərin davam etməsi üçün zəmin hazırlayır.

Bütün bunlar Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında yeni görüşün keçirilməsinə təkan verə bilər. Qeyd edək ki, onlar arasında sonuncu danışıq yanvarın sonunda olub.

Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşü münasibətlərin yaranmasına, davam etməsinə, ikitərəfli etimad mühitinin yaranmasına mane olanlara da cavab kimi dəyərləndirilə bilər. Rəsmi Bakı bir daha sübut edir ki, iki suveren dövlət problemlərini müzakirə yolu ilə həll etməyə qadirdir.

Bir sözlə, Ermənistanın kənardan vasitəçi tutub danışıqlara cəlb etməsi təşəbbüsü münasibətlərin normallaşmasına yardım deyil, maneədir.

“Report” İnformasiya Agentliyi