Moskva Avdeyevkada mövqelərini möhkəmləndirir

Ukrayna qüvvələri Avdeyevkadan çıxandan sonra işğalçı Rusiya qüvvələri şəhərdə və ətrafında mövqelərini möhkəmləndirir.

Donetsk vilayətində Ukrayna ordusunun sözçüsü Dmitro Lixoviy fevralın 18-də deyib ki, Rusiya qüvvələri Avdeyevkanın qərbində zərbələr endirməyə başlayıb, Ukraynanın daha çox ərazisini ələ keçirməyə çalışır.

Kiyev sursat istəyir

Bu arada Ukrayna qüvvələrinin sursat çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Bu faktor Kremlin son bir ildən də çox müddət ərzində ilk böyük qələbə çalmasında rol oynayıb. Kiyev Qərb tərəfdaşlarından daha çox sursat istəyir.

Ukrayna silahlı qüvvələrinin baş qərargah rəisi general polkovnik Oleksandr Sırski bir gün öncə Ukrayna bölmələrinin Avdeyevkadan çıxdığını elan edib. O deyib ki, məqsəd mühasirəyə düşməmək, hərbçilərin həyatını qorumaq olub.

"Düşmən hücumunu aktiv davam etdirməyə çalışır. Ancaq orada əhəmiyyətli sayda qüvvələrimiz mövqe tutub", - Lixoviy fevralın 18-də Ukrayna televiziyasına deyib.

Ukrayna ordusunun Avdeyevkadan iki km şimalda yerləşən kəndə Rusiyanın 14 hücumunu dəf etdiyini bildirib.

Putin ordunu təbrik edib

Rusiya prezidenti Vladimir Putin fevralın 17-də qoşunlarını Avdeyevkanın tutulması münasibətilə təbrik edib, bunu "vacib qələbə" adlandırıb. Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumunun iki ili tamam olur və Putin böyük bir qələbə elan etməyə fürsət axtarır.

Bu arada Ukrayna ordusu Rusiya qüvvələrini Avdeyevkada və yaxınlıqdakı Vesyoloye kəndində səkkiz hərbi əsiri gülləməkdə ittiham edib. Aydın görünməyən videoda rəsmilər Rusiya səngərindəki iki ukraynalı əsgərin yaxın məsafədən bir neçə dəfə Rusiya əsgərinin atəşi ilə öldürüldüyünü bildirir. Ancaq videonun həqiqiliyini, onun çəkildiyi məkanı müəyyənləşdirmək mümkün olmayıb.

Ukrayna rəsmiləri fevralın 18-də bildiriblər ki, son 24 saat ölkənin şərqində Rusiyanın dron və raket zərbələrində azı üç nəfər öldürülüb. Eyni zamanda cənub cəbhəsində Rusiyanın hücumunun qarşısının alındığı xəbər verilir.