Navalnının xatirəsini yad edənlərdən azı 400 nəfər saxlanılıb

"Mediazona" və "Novaya gazeta Europe" Aleksey Navalnının cəsədinin Salexarddakı morqda saxlandığını bildirirlər.

Bu arada Navalnının cəsədinin harada olması, üzərində pis rəftar əlamətlərinin olması ilə bağlı spekulyasiyalar var.

"Novaya gazeta Europe" adını çəkmədiyi tibb işçisinə istinadla yazıb ki, cəsədin üzərində göyərmə izləri var. Tibb işçisinin dediyinə görə, müxalifətçinin sinəsində ürək masajının izləri aşkarlanıb, bu isə onu həyata qaytarmağa cəhd olunduğunu göstərə bilər.

Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

+++

Rusiyada fevralın 16-da müxalifət lideri Aleksey Navalnının həbsdə ölməsi xəbəri yayılandan sonra 36 şəhərdə onu yad etməyə çıxanlardan azı 400 nəfər saxlanılıb.

Novosibirsk və Tomsk şəhərlərində güc strukturları əməkdaşları sakinlərin Navalnının xatirəsinə gül və şam düzdüyü yerləri mühasirəyə alıb, Voronejdə isə polis fəalları dağıtmağa çalışıb.

Prezident Vladimir Putinin qatı tənqidçisi, ölkədə korrupsiyaya qarşı mübarizə aparan Navalnının Arktikada həbsxanada gəzintidən sonra huşunu itirdiyi, vəfat etdiyi açıqlanıb.

47 yaşlı Navalnı ekstremizm ittihamı ilə 19 il həbsə məhkum edilmişdi. Özü və tərəfdarları isə cəzanı onun Kremlə qarşı fəaliyyətinə görə siyasi motivli qisasçılıq sayırdı.

"Verstka" onlayn xəbər kanalı Rusiyanın azı 140 şəhərində Navalnının xatirəsinə spontan aksiyalar keçirildiyini yazıb.

"OVD-Info" insan haqları qrupu isə fevralın 17-də Rusiyada polisin 401 nəfəri saxladığını açıqlayıb.

Bu, 2022-ci ilin sentyabrından bəri Rusiyada siyasi aksiyalarda ən böyük həbs dalğasıdır. O zaman Ukraynadakı müharibəyə qismən səfərbərliyin elan olunmasına qarşı nümayişlərdə azı min 300 nəfər saxlanılıb.