Ankara: Azərbaycan və Naxçıvanı birləşdirəcək yolun hər iki variantı müzakirə olunur


Ankara bəyan edib ki, hazırda Azərbaycan və Naxçıvanı birləşdirəcək yolun hər iki variant müzakirə olunur.
Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək marşruta dair müzakirələr davam edir.
Nazir Hürriyet qəzetinə bildirib ki, hazırda masa üzərində İrandan keçən yol da daxil iki marşrut müzakirə olunur:
"Əgər Ermənistan tərəfində problemlər varsa, Azərbaycan dəhlizin bu ölkədən keçməsi üçün İranla da təmaslardadır. Burada iki alternativ var. Hər ikisi müzakirə olunur”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Bakı Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək “Zəngəzur dəhlizində” gömrük yoxlanış məntəqələrinin olmasına qarşıdır.
Rəsmi Yerevan isə bildirir ki, Ermənistan ərazisindən keçən bütün nəqliyyat kommunikasiyaları onun yurisdikdiyasında olmalıdır.
Ermənistan Azərbaycanın tələbini, hətta “Zəngəzur dəhlizi” istilahını özünə qarşı ərazi iddiası kimi qiymətləndirir.
Ən əsası budur ki, Moskva bu dəhlizin onun sərhəd xidmətinin nəzarətində olmasını istəyir.
Rusiya iddia edir ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyantında belə yazılıb və bu bəyanatda Yerevanın da imzası var.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.