Mustafa Taczadə ali rəhbər ayətüllah Əli Xameneyini sərt tənqid edib

İranda hazırda Tehran həbsxanasında olan tanınmış islahatyönlü siyasətçi Mustafa Taczadə ölkənin ali rəhbəri ayətüllah Əli Xameneyini kəskin tənqid edərək deyib ki, ölkənin “qüsurlu siyasi strukturuna” görə məsuliyyəti o daşıyır.
Evin həbsxanasında beşillik cəza çəkən Taczadə 2022-ci ildə “milli təhlükəsizliyə hədə yaratmaqda” və “hökumətə qarşı təbliğatda” ittiham olunaraq məhkum edilib.
Taczadə həbsxanadan yazdığı məktubda bildirir ki, o İslam Respublikası liderlərinin “strateji uğursuzluqlarına” görə Üləmalar Şurasının seçkisində səs verməyəcək.


Mənasız seçki


Siyasətçi habelə Xameneyinin ölkədə yaratdığı şəraitdə seçki keçirilməsini mənasız adlandırıb.
1997-2005-ci illərdə islahatyönlü prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə daxili işlər nazirinin müavini olan Taczadə vurğulayıb ki, Xameneyi “İranda baş verən dəhşətli faktlara göz yumub” və etiraz edən milyonlarla vətəndaşın istəklərini dinləməyib:
"Amma burası da var ki, əksər iranlılar da liderin dediklərinə, radio və televiziya ilə müraciətlərinə məhəl qoymamaq qərarına gəliblər. Səs verməyin!”
Bu məktub dərc olunmazdan az əvvəl Əli Xameneyi adamlara müracət edərək onları 1 mart seçkisində fəal iştirak etməyə çağırmışdı.


Xameneyinin “qırmızı xətləri”


Şərhçilər deyirlər ki, Taczadənin məktubu həm də İranda islahat hərəkatnın üzləşdiyi dərin parçalanmanı nümayiş etdirib.
Taczadə habelə Xameneyini Vaşinqtonla düşmənçiliyin dayandırılmasına imkan verməyən “qırmızı xətlər” çəkməkdə, icbari hicab qanununun icrasını sərtləşdirməkdə və seçki namizədlərinin senzura edilməsində, siyasi dissidentlərin qanunsuz həbslərində günahlandırıb.
Siyasətçinin fikrincə bütün bunlar İranı hər hansı gələcək iqtisadi inkişafdan məhrum edir.
Kərrubi və Musəvinin azadlığına çağırışlar
Taczadə habelə Xameneyini “İranın dəhşətli reallqılarını” görməzliyə vurmaqda və milyonlarla narazı vətəndaşın səsini eşitməməkdə günahlandırıb.
Siyasətçinin fikrincə, iranlıların əksəriyyəti seçkiləri boykot etmək əzmindədir.
Taczadə ilk dəfə 2009-cu ildə ovaxtkı prezident Mahmud Əhmədinejadın təkrar seçilməsinə qarşı kütləvi etirazlar zamanı həbs olunmuşdu.
Onun rəqibləri islahatyönlü namizədlər Mehdi Kərrubi və Mir Hüseyn Musəvi idilər.
Taczadə 2016-cı ildə 7 illik həbsxana cəzası çəkdikdən sonra azadlığa buraxlmışdı.
O azadlığa çıxdıqdan sonra hakimiyyəti Kərrubi və Musəvinin ev məhbusluğundan azad olunmasına çağırırdı.