Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 13-cü sanksiya paketini razlaşdırıblar
Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Rusiyaya qarşı sanksiyaların 13-cü paketini razılaşdırıblar.
Bu sanksiyaların Rusiyanın Ukraynaya müdaxiləsinin ildönümü günü – fevralın 24-də təsdiqlənəcəyi gözlənilir.
Yeni sanksiya siyahısına 200-dək hüquqi və fiziki şəxsin adlarının daxil edildiyi bildirilirlir. Sektorlar üzrə sanksiyaların bəziləri Çin, Hindistan, Türkiyə, Serbiya və Qazaxıstandan olan 27 şirkəti hədəfləyir.
Macarıstan Usmanovu siyahıdan çıxara bilməyib
Bu da xəbər verilir ki, Aİ səfirləri Rusiya oliqarxları Alişer Usmanovun, Vyaçeslav Kantorun və Dmitri Mazepinin adlarının siyahıdan çıxarılmasına dair Macarıstanın təklifini rədd ediblər.
Sanksiya siyahısına hərbi şirkət başçısı olan 48 nəfərin - ağır və yüngül silahlar istehsal edən 50-dən çox şirkətin adları salınıb.
Bu siyahıya habelə Ukraynanın işğal olunmuş ərazilərində müxtəlif vəzifələr tutan 12 nəfərin adları daxil edilib.
Bunların arasında ilhaq edilmiş Krımda Rusiya tərəfindən təyin edilmiş “təhsil, elm, gənclər naziri” Valentina Lavrık da var.
O Ukraynanın işğal olunmuş ərazilərindən ukraynalı uşaqların Krımdakı düşərgələrə transfer edilməsinə rəhbərlik edir. Bu mərkəzlərdə uşaqlar ukrayn dilinə və mədəniyyətinə sistemli olaraq yadlaşdırılır.
Rusiyaya qarşı ən böyük paket
Bu da vurğulanır ki, məhdudiyyətlərin siyahısı indiyədək Rusiyaya qarşı qəbul edilmiş tədbir paketinin ən böyüyüyünü əks etdirir.
Avropa Komissiyasının başçısı Ursula von der Leryen deyib ki, yeni sanksiyalar paketi Rusiyanın PUA-lara çıxışını məhdudlaşdıracaq.
Onun sözlərinə görə Avropa İttifaqı “Putinin hərbi maşınını” zəiflətməkdə davam etməlidir.
Avropa İttifaqı indiyədək Rusiyaya qarşı 12 sanksiya paketi qəbul edib. Bu sanksiyalar Rusiyanın mal dövriyyəsini və Rusiya siyasi elitasının fəaliyyətlərini məhdudlaşdırır.
Avropa İttifaqında hesab edirlər ki, “sanksiyalar Rusiya ordusunu Ukraynanın suveren ərazisində müharibənin davam etdirilməsi üçün zəruri olan təchizatçılardan və mallardan məhrum edir”.
Rusiyaya qarşı sanksiyalar onun Ukraynaya əsassız və səbəbsiz tammiqyaslı müdaxiləsinə cavab olaraq 2022-ci ilin fevralından qoyulur.
Rusiya Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etdikdən sonra sanksiyalar daha da genişləndirilib.
Bundan əvvəl Aİ Rusiyanın Ukrayna ərazilərinin ilhaqına görə qoyulmuş sanksiyaların müddətini 2025-ci ilin 24 fevralınadək uzatmışdı.