Elşad Mirbəşiroğlu: “Azərbaycan üçün ən uğurlu platforma Türk Dövlətləri Təşkilatıdır”
“Prezident İlham Əliyev andiçmə mərasimində ölkədə bütün sahələri əhatə edən və gələcək inkişaf istiqamətində fəaliyyət imperativlərini özündə ifadə edən çıxış etdi. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev Azərbaycana 20 illik rəhbərlik etdiyi dövrdə ölkənin imicini müsbət istiqamətdə inkişaf etdirdi”.
Bunu Lim10.az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, İlham Əliyevin Azərbaycana rəhbərlik etməzdən əvvəlki dövrdə ölkənin ümumdaxili məhsulu 7,2 milyard manat təşkil edirdisə, ötən 20 il ərzində bu göstərici 10 dəfədən çox artıb:
“Azərbaycanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə güclənib, hərbi əməkdaşlıq xüsusi diqqətdə saxlanılıb. Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində xüsusi, kompleks addımlar atılıb. Ölkə başçısı çıxışı zamanı onu da vurğulayıb ki, o, 2003-cü ildə ölkə başçısı seçiləndə, eləcə də növbəti seçkilərdə də ölkə əhalisinə verdiyi söz – Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində əlindən gələni edəcəyi olub. 20 il ərzində Prezident İlham Əliyev həm siyasi, həm iqtisadi, həm hərbi sahələrdə torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində tutarlı, təsirli addımlar atdı. Həqiqətən də onun apardığı düzgün siyasi gedişlər nəticəsində torpaqlarımız işğaldan azad edildi.
Bütün istiqamətlərdə ölkə başçısının atdığı addımlar bizi addım-addım Qarabağımıza yaxınlaşdırdı. Bütün beynəlxalq platformalarda ölkə başçısı özü də vurğulamışdı ki, sərgilədiyi mövqe birmənalıdır - Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayacaq, Ermənistana konstruktiv yola gəlməsi və könüllü şəkildə Azərbaycan torpaqlarını işğaldan azad etmələri üçün onlara təzyiq edilməlidir. Lakin prezidentimizin sərgilədiyi mövqeyə düzgün reaksiya nümayiş etdirilmirdi. Bu da Ermənistanı özünü tam cəzasızlıq şəraitində hiss etməsini şərtləndirir, daha geniş təxribatlara sövq edirdi. Bu baxımdan Azərbaycan Ermənistanın daha geniş təxribatlarının qarşısını almaq, ərazilərimizin işğaldan azad edilməsi istiqamətində 44 günlük əməliyyatlara başladı. İşğalçı Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edildi”.
E.Mirbəşiroğlu bildirib ki, ölkə başçısı tribunadan verdiyi təsirli mesaj ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinin beynəlxalq əhəmiyyətinin süni şəkildə şişirdilməsini diqqətə çatdırıb:
“Məsələdə maraqlı olan tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə müdaxilə etmək, vasitəçi olmağa çalışırlar. Lakin Prezident İlham Əliyev bunun qəbuledilməzliyini və bunun Azərbaycanla Ermənistan arasındakı məsələ olduğunu önə çəkib. Həqiqətən də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini özlərinin fəaliyyətinin əsas prioritetinə çevirən maraqlı dairələr Cənubi Qafqaz regionunda öz geosiyasi və təhlükəli maraqlarından çıxış edirlər. Ölkə başçısı açıq şəkildə bütün bunları gördüyünü və bu halların qarşısını almaq iradəsində olduğunu diqqətə çatdırdı.
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən və bütün əraziləri boyunca suverenliyini etibarlı, dönməz şəkildə təmin etdikdən sonra öz milli tarixinin yeni mərhələsinə qədəm qoyub. Prezident onu da vurğuladı ki, geridə qoyduğumuz mərhələdə biz əsas məqsədimizə - torpaqlarımızın azadlığına, suverenliyimizin bərpasına nail olduq. Yeni tarixi mərhələdə Azərbaycanın qarşısında yeni məqsədlər var. Ölkəmiz xüsusilə də xarici siyasi oriyentirlərini müəyyən edib. Bundan başqa, Azərbaycan üçün arzuolunan və ən uğurlu platformanın Türk Dövlətləri Təşkilatının olduğu da vurğulanıb. Ümumilikdə yeni mərhələdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində təsirli rolunun artırılması da başlıca məqsədlərimizdən biridir. Hesab edirəm ki, Azərbaycan xalqının böyük dəstəyi ilə növbəti səlahiyyət müddətinədək prezident seçilməklə İlham Əliyev ölkəmizə daha geniş siyasi, iqtisadi uğurlar üfüqi açacaq”.
Könül Cəfərli