Azərbaycan Ordusu Ermənistana və onun müttəfiqlərinə beynəlxalq hüququn da mövcud olduğunu öyrətdi
Güneyli ekspert Cəfər Əfşarniya “Azenglishnews” saytında yazıb:
“İndiyə qədər bütün döyüş əməliyyatları Azərbaycan ərazisi daxilində gedirdi və Azərbaycan Ordusu öz ərazisində təcavüzkarları dəf edir, işğal edilən torpaqları azad edirdi. Amma sentyabrın 12-i axşam qeyri-rəsmi xəbərlərə görə, Azərbaycan Ordusu Ermənistana daxil olub və bütün hərbi obyektlər Ermənistanın daxilində məhv edilib. Beləliklə, baş nazir, bütün ermənilər və onların iranlı dostları ilk dəfə başa düşdülər ki, beynəlxalq hüquq var və ölkələrin ərazi bütövlüyünə hörmət kimi müəyyən prinsiplər beynəlxalq hüququn əsas normalarındandır.
30 ildir başqa bir dövlətin ərazisini hərbi yolla işğal edənlərə, onların oyuncağına çevrilmiş BMT Təhlükəsizlik Şurası, Minsk Qrupu və xristian dövlətlərinin, Rusiyanın və təbii ki, İranın ciddi dəstəyi ilə hərbi işğalı aradan qaldırmağa qərar verməyən, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin dəyişməzliyi prinsipinə hörmətlə yanaşmayanlara qarşı dəmir yumruq, azərbaycanlı gənclərin qeyrəti və Bayraktar adlı “əbabil” quşları gəlib erməniləri, onların xristian və müsəlman havadarlarını öz yerinə oturdub.
BMT Baş Assambleyasında qeyri-adi adət yaranmışdı və hər il Azərbaycan Respublikasının ərazi bütövlüyü səsə qoyulurdu. İran hökuməti əvvəlcə bunun lehinə səs versə də, sonradan bitərəf qalmaqla kifayət edirdi. Təbii ki, 40 milyon İran türkündən utanmasaydı, mütləq Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verərdi.
İranla Azərbaycan arasındakı ümumi sərhədin 132 kilometrə yaxın hissəsi 30 il ərzində Ermənistan tərəfindən işğal olunub və İran buna zərrə qədər də etiraz etməyib. Və həmin işğal olunmuş sərhəd İran-Ermənistan sərhədi adlanırdı ki, bu da hərbi işğala hüquqi formallıq verilməsi deməkdir.
Hətta Xudafərin su bəndindən istifadə etmək üçün energetika nazirləri səviyyəsində görüşlər keçirilirdi ki, bu da işğalçı ölkə ilə İranın hökumət başçıları və nazirləri səviyyəsində işğal olunmuş torpaqların talan edilməsi üçün əməkdaşlıq edildiyini göstərir.
Nəhayət, 12 sentyabr gecəsi Ermənistan ərazisindəki hərbi hədəflərə hücum İran və Avropadakı ermənilərə və iranlı ermənipərəstlərə beynəlxalq hüququ öyrətdi. Beynəlxalq hüquq üzrə professorumuz deyirdi ki, beynəlxalq hüququn qaydaları yumşaq və ziddiyyətli qaydalardır və yalnız sərt güc bu qaydaları hüquqi qüvvəyə mindirib icra etdirə bilər”.
https://bit.ly/3DpyiHo