Kremli Pelosinin Ermənistan səfərini şərh etdi

Rusiya Ermənistanla Azərbaycan arasında vəziyyətin normallaşmasına praktiki olaraq aparan addımları alqışlayacaq. RİA Novosti xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərini şərh edərkən deyib.

“Sözdə deyil, əməldə, yüksək səslə, populist deyil, reallıqda sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər, bunu biz hamımız aləışlayırıq. Bu cür səs-küylü hərəkətlər və bəyanatlar həqiqətən bu normallaşmaya töhfə verə bilərmi? Gəlin gözləyək, zamanla hər şey aydın olacaq”, - Peskov jurnalistlərə Kremlin Pelosinin Ermənistana səfərini necə dəyərləndirdiyi və bu səfərin Azərbaycanla münaqişənin həllinə xidmət edə biləcəyi ilə bağlı suala cavabında bildirib.

Qeyd edək ki, Pelosi sentyabrın 17-19-da Ermənistana səfər edib və orada baş nazir Nikol Paşinyan da daxil olmaqla yüksək rütbəli rəsmilərlə görüşüb.