Qərbi Azərbaycan Xronikası: Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Qardaşının amansızlıqla qətli Mustafa bəy Topçubaşovun İrəvandan köçməsinə səbəb oldu” adlı süjet hazırlanıb.
Lim10.az xəbər verir ki, verilişdə görkəmli cərrah-alim, ictimai və dövlət xadimi, akademik Mustafa bəy Topçubaşovun İrəvandan məcburi köçməsindən bəhs olunur.
Bildirilir ki, Azərbaycan ictimai, elmi, siyasi tarixinin parlaq imzası olan professor Mustafa bəy Topçubaşov Qərbi Azərbaycanın Göygümbəd kəndində anadan olub. O, böyük bir şəcərənin layiqli təmsilçisidir və eyni zamanda, Qərbi Azərbaycanın, İrəvanın qanlı tarixinin bir səhifəsidir. Belə ki, 1918-1920-ci illərdə erməni daşnakları İrəvanda və onun ətrafında ağlasığmaz fəlakətlər törədir, silahsız, əliyalın azərbaycanlıları kütləvi şəkildə qırır, kəndləri yandırırlar.
Qeyd olunur ki, Topçubaşovlar ailəsi də bu faciədən yan keçmir: “Ermənilər Mustafa bəy Topçubaşovun qardaşı Rza bəyi amansızlıqla qətlə yetirirlər. Bu azmış kimi Rza bəyin meyitini evlərinə daha dəhşətli şəkildə, yəni ata bağlayaraq göndərirlər. Bu dözülməz mənzərə Topçubaşov ailəsini məcburi surətdə öz doğma dədə-baba yurdu olan İrəvanı tərk etməyə məcbur edir”.
Diqqətə çatdırılır ki, akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsidir. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.
Sonda vurğulanır ki, M.Topçubaşov Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biridir. O, Azərbaycan SSR Ali Sovetinin 10 çağırış deputatı olub və 1981-ci il noyabrın 20-də Bakıda dünyasını dəyişib.
Süjetdə şahidlər Topçubaşovlar ailəsinin yaşadığı dramdan, acı taleyindən faktlarla söhbət açırlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.