Son iki ayda Azərbaycanda Günəş enerjisi istehsalı kəskin artıb - FOTO

“2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda Günəş enerjisi istehsalı kəskin artıb. Belə ki, bu dövrdə Günəşdən alınan enerji altı dəfə artaraq 50,7 milyon KVt/s olub. Ötən ilin ilk iki ayında cəmi 8,4 milyon KVt/s Günəş enerjisi istehsal olunmuşdu”.

Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Deputat bildirib ki, bu ilin yanvar-fevral aylarında külək elektrik stansiyalarında 9,5 milyon KVt/s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 milyon KVt/s elektrik enerjisi istehsal edilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk iki ayında külək elektrik stansiyalarında 9,1 milyon KVt/s, digər mənbədə isə 39,0 milyon KVt/s elektrik enerjisi istehsal edilib:

“Bərpa olunan enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini azalda bilərmi? Qeyd edək ki, inkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrindən, o cümlədən külək və Günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı, vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu, enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı, enerji xərclərini azalda bilər. Bunun üçün icmaəsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir.

Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27 000 MVt dəyərləndirilir. Bunun 23 000 MVt-ı Günəş, 3 000 MVt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar”.