Dilin susub, bədənin danışdığı Pantomima Teatrından REPORTAJ - FOTO

27 mart 1961-ci ildən bəri Dünya Teatr Günü kimi qeyd olunur. Əlamətdar haldır ki, Azərbaycanda Milli Teatr Günü (10 mart) də eyni aya təsadüf edir.

Lim10.az-ın əməkdaşları səhnə mizanı və aktyorlarının ifası ilə digər teatrlardan köklü surətdə seçilən məkana baş çəkib, sənət əsərlərinin necə yarandığının şahidi olublar.

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində nadir hallarda danışıq eşitmək mümkündür, sözləri məşq zamanı, pərdə qalxmazdan əvvəl və enəndən sonra dilə gətirmək olar. Çünki pantomim aktyoru hekayəni mimikalar, əl-qol və bədən hərəkətlərinin köməyi ilə “danışır”. Bu mənada pantomim bəzən universal teatr dili kimi qəbul edilir. Pantomim sənəti düşüncə və duyğuları musiqi və ya müxtəlif əşyalar vasitəsilə, bəzən rəqslə, bəzən də bədən və üz hərəkətləri ilə əks etdirməyi məqsəd qoyan sözsüz oyundur.

Pantomima Teatrı 1994-cü ildə Bəxtiyar Xanızadənin rəhbərliyi ilə yaranıb. Artıq otuz yaşına qədəm qoymasına baxmayaraq, binası hələ də “böyüməyib”. Heç tamaşaçılar üçün də geniş yer ayrılmayıb. Bəlkə də, özəlliyi elə bundadır. Çünki teatrın quruluşçu rejissoru Ceyhun Dadaşovun da fikrincə, pantomimin tamaşaçısı olmaq heç də asan deyil.

Ceyhun bəy bildirir ki, teatra 24 il əvvəl gəlib:

“Bizim rəhbərimiz Bəxtiyar Xanızadədir. Burada olan hər kəs onun yetirməsidir. Lakin teatrın bütün yaradıcı işlərini mən yürüdürəm. Bizim modern və rəqs tamaşalarımız da olur. Bunlardan “Manqurt” (2011-ci ildə) və “Şinel” tamaşalarının (2022-ci ildə) quruluşu mənə məxsusdur. Ən böyük çətinliyimiz odur ki, bizim üçün əsər yazan müəllif yoxdur. Biz götürdüyümüz əsəri plastika dilinə çeviririk”.

C.Dadaşov pantomim sənəti yaranana qədər aktyorun bədəninin “susduğunu” deyir:

“Pantomim teatrının aktyoru bədəni ilə “danışır”. Biz dramatik aktyorlar kimi sözü, mətni deməyi yox, hətta özümüzə aid olmayan hissləri də kəlmə kəsmədən göstərməyi öyrənirik. Bu, çox çətindir, yəni sanki bədənin yalan danışır - çünki sənə xas olmayan hissi göstərmək asan deyil.

Pantomimdə oyunla yanaşı, dili də qəbul etməlisən. Yəni aktyorlar danışa bilmədikləri üçün deyil, danışmağa ehtiyac olmadığı üçün susurlar. Ona görə də pantomim eşitmə və danışmasında problemləri olanlar üçün qurulan tamaşa deyil. Danışmağa ehtiyac duyulsa, danışılacaq”.

Quruluşçu rejissor teatrın tamaşaçı cəhətdən korluq çəkmədiyini dilə gətirir:

“Bu teatrın tamaşaçısı olmaq heç də asan deyil. Özü bir mədəniyyətdir. Sən səhnədə olanları, bu oyunu qəbul etməlisən. Tamaşaçı sarıdan korluq çəkmirik. Xarici qonaqlarımız çox olur, onlara maraqlı gəlir, rahat anlayırlar. Tamaşaçılarımız arasında gənclər də kifayət qədərdir. Bu, sevindirici haldır. Daimi tamaşaçılarımız da var”.

C.Dadaşov yeni tamaşanın anonsunu da verir:

“Uilyam Şekspirin möhtəşəm “Romeo və Cülyetta” əsərinin premyerası olacaq. Hazırda məşq prosesi gedir. Əsər plastik portret üzərində səhnələşdiriləcək, heç bir sözdən istifadə edilməyəcək. Bundan başqa, “Dəli Domrul” tamaşası bərpa olunacaq. Planda daha üç tamaşa da var”.

Müsahibimiz bizi məşq prosesini izləməyə dəvət edir. Qaranlıq zal sükuta qərq olub. Aktyorlar səssiz şəkildə nə isə izah etməyə çalışırlar, arada ssenariyə uyğun olaraq “döyüşürlər”. Daha sonra bir qədər istirahət edir və “Romeo və Cülyetta” əsərinin məşqinə başlayırlar. İki düşmən ailənin bir-birini sevən övladlarının hekayəsinin sehri izləyənləri bürüyür. Gözümüzün önündə qədim Verona küçəsi, Montekki və Kapuletti ailələrinin üzvlərinin davası, sonra maskarad, “Romeo” ilə “Cülyetta”nın görüşü... canlanır. Aktyorlar möhtəşəm şəkildə əsəri təsvir edirlər.

Məşq prosesinə fasilə verildikdə teatrın aktyoru və rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu ilə söhbətə başlayırıq:

“2005-ci ildən aktyor kimi çalışıram. 2008-dən rejissor kimi tamaşalar qurmuşam. On birdən artıq tamaşanın quruluşçu rejissoruyam. Sonuncu dəfə “İblis” tamaşasına quruluş vermişəm.

Bu teatrda düşüncələr fərqlidir. Azərbaycan teatrına çox böyük töhfələr verib. Pantomima Teatrı Azərbaycan teatrı üçün faydalı aktyorlar, fərqli düşünən insanlar yetişdirir. Sözü hərəkətə çevirmək başqa bir istedaddır”.

B.Vaqifoğlu fikirləri lakonik şəkildə çatdırmağa çalışdıqlarını əlavə edir:

“Ora-bura” əsəri var. Tamaşada üç dayanacaqda gözləyənlər var. İştirakçılar “Kloun”, “İnsan” və “Kukla”dır. Çamadanlar açıldıqca biz onların səfərinin mahiyyətini göstəririk. Onlar sonda çamadanlarını qoyub gedirlər. Bu da o deməkdir ki, biz bir şeydən qurtulub başqa yerə getmək istəyiriksə, öz yükümüzü aparmamalıyıq. Yükümüzü dəyişmək üçün qoyub getməliyik.

Fikirləri qısa şəkildə çatdırmağa çalışırıq. Tamaşalar, adətən, qırx beş dəqiqə olur. Uzun olsa, tamaşaçılar diqqətlə izləməli olduqları üçün yorucu gələ bilər. Biz insanların ruhuna xidmət edirik. Bu da zövqvericidir”.

Aktyor, Əməkdar artist Nurlan Rüstəmovla söhbətə davam edirik. O qeyd edir ki, hər bir aktyor pantomim təcrübəsindən keçməlidir:

“2007-ci ildən bu teatra qoşulmuşam. Hazırda Mədəniyyət və İncəsənət Universitetində plastikadan, pantomimdə səhnə hərəkəti və qılınc təlimindən dərs deyirəm. Pantomimdə format fərqlidir. Müəllif teatrıdır. Aktyorların fikirlərinə hörmətlə yanaşılır. Aktyor üçün də ən dəyərli olan fikrinin qiymətləndirilməsidir.

Burada aktyor hərtərəfli yetişir. Çünki tamaşalar müxtəlif formatdadır, bir-birinə bənzəyəni yoxdur. Hər dəfə yeni forma olur. Ona görə də Azərbaycanda hər bir aktyor pantomim təcrübəsini keçməlidir”.

Pantomimin artıq həyat tərzinə çevrildiyini bildirən N.Rüstəmov tamaşaçılarını çox yüksək qiymətləndirir:

“Yaxşı tamaşanın tamaşaçısı həmişə var. Bu cəhətdən çox razıyıq. Bizim tamaşaçılarımız çox fərqlənirlər, həssas adamlardır. Çünki bir an gözlərini qırpsalar, fikri oxumamış ola bilərlər”.

Fasilə bitir. Aktyorlar səhnəyə, biz isə çıxışa yönəlirik...

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid