Azərbaycanda qızılı və pulu saxlamaq da bahadır

Depozit və ya bank seyfləri mənzilinizdə saxladığınız qızıl zinət əşyaları, xüsusi əhəmiyyətli sənədlər, pul və digər qiymətlilərin təhlükəsiz saxlanması üçün banklar tərfindən təklif edilən bank məhsuludur. 

Seyflərin iki açarı olur və onalrın biri müştəridə, digəri isə bank əməkdaşında saxlanılır. Seyf açarların hər ikisi olduğunda açıla bilər. Seyfdəki məlumatlar məxfi saxlanılır və seyfə yalnız müştəri, onun vəkalət etdiyi digər şəxs və ya müqavilədə qeyd edilmiş şəxs tərəfindən daxil oluna bilər. Bankların əksəriyyəti müştərilərinə depozit qutuları təklif edir. Seyflərin icarə qiyməti, banka, seyflərin ölçülərinə və icarə müddətinə görə dəyişir. Lakin digər ölkələrlə müqayisədə Azərbaycanda depozit qutularının ödənişi çox bahadır. Belə ki, Amerikada bir ili 49 dollar olan depozit qutularının Azərbaycanda bir ayı banklarda 30-75 manat təşkil edir. 

Maraqlıdır ki, Azərbaycan banklarında depozit qutularının ödənişi niyə bu qədər bahadır? 

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycanda bankçılıq çox primitiv inkişaf mərhələsindədir:

"Yəni dünya bankçılığında bankın gəlir-qazanc əldə etmək üçün yüzdən çox aləti var. Azərbaycanda isə bankların depozit qəbul etmək və kreditə pul verməkdən başqa digər funksiyaları, demək olar ki, işləmir. Bu, həm də iqtisadiyyatın xarakterindən asılıdır. Bankların alətləri az olduğuna görə xidmət növləri də azdır. Ona görə də az xidmət növlərinə çox baha qiymətlər qoyurlar ki, gəlirləri normal olsun, yəni bank mənfəətlə, rentabelli işləyə bilsin". 

İqtisadçı vurğulaylb ki, bunun bir səbəbi də bankçılıq sahəsində rəqabət mühitinin olmamasıdır: 

"Azərbaycanda hazırda bu sahədə də inhisarçılıqdır. Diqqət etsəniz, bankların təklif etdiyi xidmətlər, demək olar ki, eyni qiymətədir. Bu da inhisarçılığın əlamətidir. Bu iki faktor Azərbaycanda bank xidmətlərinin kifayət qədər bahalı olmasına şərait yaradır. Digər xidmətlərimiz də bahadır. Azərbaycan kimi investesiya imkanlarına sahib olan bir ölkənin bank faizləri, kredit faizləri də ən yaxşı halda 14-15%-dən başlayır. Düzdür, bəzən reklam edərək deyirlər ki, 10%-dən başlayır, amma nəticədə, komissiya haqqını və digər xərcləri əlavə etməklə kredit faizini 15-16%-ə qaldırırlar. Bu gün elə bir ölkə tapmaq olmaz ki, orada kənd təsərrüfatı fermerləri üçün 15%-lə kredit versin. Dünyada kənd təsərrüfatı fermerlərinə verilən kreditin faiz dərəcəsi maksimum 6%-dir. Azərbaycan az qala 3 dəfə artıq faiz təklif edir. Yəni fermer ol, biznesmen ol, fərqi yoxdur, hamı üçün eynidir. Məhdud şəkildə güzəştli kreditlər də var, amma o da hamı üçün əlçatan deyil. Onun da hamı üçün əlçatan olmamasına qəsdən şərait yaradırlar ki, əhalinin əksəriyyəti ümumi faiz dərəcəli kredit alsınlar". 

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda bank sektoru özəl olduğu üçün xidmətlərin qiymətini bankların özü təyin edir:

"Bizdə də banklardakı depozit seyflərinə tələbat olmadığı və bu bazar məhdud olduğu üçün qiymətlərin aşağı salınmasına da ehtiyac görmürlər. Çünki Amerikada milyonlarla vətəndaş bank seyflərindən istifadə edirsə, bizdə istifadəçilərin sayı minləri keçmir.

Ona görə də depozit seyflərindən istifadə etmək istəyənlər bu pulu ödəyəcəklər deyə banklar da onun qiymətini aşağı salmağı lazım bilmirlər. Ölkədə bu seyflərə ciddi bir tələb olsaydı və bank mədəniyyəti formalaşsaydı, o zaman digər banklar da müştəri cəlb etmək üçün qiymətləri aşağı edərdilər".

Ləman İsmayıl