Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
Son zamanlar estetik əməliyyatla üzündə, bədənində dəyişiklik edənlərin sayı artıb. Əvvəllər tanınmış şəxslərin istifadə etdiyi üsuldan indi sıradan insanlar da yararlanaraq gözəl görünməyə çalışırlar. Bunların içərisində ən geniş yayılanı isə burun əməliyyatıdır.
Burnun görünüşünə müdaxilə iki üsulla, cərrahi əməliyyat və dolğular vasitəsilə həyata keçirilir. Estetik əməliyyat ömürlük olsa da, gel və dolğulardan istifadə edərək burunda olan nöqsanları aradan qaldırmaq müvəqqətidir.
Əməliyyata maddi gücü çatmayanlar kosmetoloqların köməyi ilə təbii və süni dolğulardan istifadə edərək burunlarının görkəmini dəyişirlər. Bu isə sonradan müəyyən fəsadlara yol açır. Bəziləri dolğuların onların dərisində, gözündə müəyyən problem yaratdıqlarını qeyd edirlər.
Sosial şəbəkədə burun dolğusu və onun yaratdığı fəsadlarla bağlı xeyli sayda şikayət mövcuddur.
Məsələ ilə bağlı Bizim.media-ya danışan dermatoloq Sevinc Kərimova deyib ki, dolğulardan qeyri-peşəkar kosmetoloqlar istifadə etdikdə müəyyən fəsadlar yaranır:
“Müasir kosmetologiya dünyanın hər yerində müvəffəqiyyətlə tətbiq olunur. Burun şəkilləndirməsi də filler adlandırdığımız hialuron turşusu tərkibli dolğular vasitəsilə edilir. Düzgün istifadə olunduqda elə bir zərəri yoxdur. Məsələ burasındadır ki, sosial şəbəkələrdə paylaşılanların hamısı həkimlər tərəfindənmi edilir?! Bizim ölkəmizdə kosmetologiya sahəsini 80 faiz tibbi savadı olmayan, ümumiyyətlə, ali təhsili olmayanlar zəbt ediblər. Hansı ki, onlar da çox riskli prosedurlar edirlər”.
Həkim bildirib ki, dolğuları düzgün istifadə etmədikdə, damar daxilinə düşəndə emboliya verir:
“Yəni embollar damarın kanalını tutur, nəticə etibarı ilə işemiyaya qədər aparıb çıxaran fəsadlar olur. Amma bu normal şəkildə, peşəkar həkim tərəfindən edilərsə, narahatlıq yoxdur. Burnun ölçü və formasına görə kompleks yaşayan insanlar, həmçinin, fizioloji olaraq əməliyyatdan qorxanlar, maddi cəhətdən əməliyyata gücü çatmayanlar bundan niyə də istifadə etməsinlər? Hər halda kosmetologiya insanların gözəlliyinə gözəllik qatır”.