Bakıda bağça və məktəbin qarşısındakı dayanacaq uşaqlara təhlükə yaradır - AÇIQLAMA + FOTO/VİDEO

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində bağça və məktəbin arasında yerləşən avtobus dayanacağı sıxlığa səbəb olur və azyaşlıların həyatına təhlükə yaradır.

Bununla bağlı Lim10.az-a sakinlər məlumat veriblər.

Qeyd olunur ki, 344 saylı uşaq bağçası ilə 20 saylı Laçın məktəbinin düz qarşısında dayanacaq qoyulub. Bir qədər aralıda isə 32 saylı Ağdam məktəbi yerləşir. Həmin ərazi 194 saylı sərnişin avtobusunun sonuncu dayanacağıdır, 140 saylı sərnişin avtobusu isə yolüstü həmin dayanacaqda saxlayır.

Məsələnin problemli tərəfi ondadır ki, məktəb və bağçanın giriş qapısı qarşısında yerləşən bu ərazi geniş olduğundan digər nəqliyyat vasitələri də dönmə əməliyyatı edirlər ki, bu da bağçaya və məktəbə gələn uşaqların, müəllimlərin və valideynlərin həyatını təhlükəyə atır.

Sakinlər həmin dayanacağın yaxınlıqdakı təhlükəsiz əraziyə köçürülməsini xahiş edirlər.

Yaranan problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Agentlikdən Lim10.az-ın sorğusuna cavab olaraq bildirildi ki, AYNA tərəfindən ərazidə fəaliyyət göstərən marşrutların istismarçısına sürücülərin təhlükəsizlik qaydalarına riayət etmələri üçün təlimatlandırılması və nəzarətin gücləndirilməsi barədə tapşırıqlar verilib.

Açıqlamada qeyd olunur ki, “Qobu Park” yaşayış kompleksi üç yaşayış sahəsindən ibarətdir. Həmin komplekslərin sakinlərinin müntəzəm marşrutlardan rahat istifadəsi və ictimai nəqliyyatla əlaqələndirilməsi üçün marşrut təşkil edilərkən son dayanacaq ərazisi müəyyən olunub. “Yol hərəkəti haqqında” Qanunun, eləcə də Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın tələblərinə uyğun olaraq, sonuncu məntəqələrdə dönmə yerləri olan genişləndirilmiş hərəkət hissəsinin mövcudluğu nəzərə alınaraq son dayanacaq yeri təşkil edilir.

“Mövcud dayanacağın başqa əraziyə köçürülməsi məsələsinə gəlincə isə, ictimai nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq sərbəst manevr etməsi üçün daha optimal ərazi müəyyən ediləcəyi və sərnişinlərin ictimai nəqliyyata əlçatanlığına əlavə problemlər yaranmayacağı təqdirdə məsələyə baxıla bilər”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, “Qobu Park” sakinləri verilən açıqlama ilə razılaşmır və bildirirlər ki, uşaqların həyatı üçün təhlükə yaradan dayanacağın yerini dəyişmək üçün ərazidə iki hissədə kifayət qədər boş yer var.

Videonu təqdim edirik:

Əzizə İsmayılova