2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın "Ermənistan Azərbaycana qarşı" işi üzrə 5 saylı vəsatətini təmin edib. Azərbaycanın üzərinə sentyabrın 19-dan sonra Dağlıq Qarabağdan getmiş şəxslərin, - əgər belə hüquq və istəkləri varsa, - geri qaytarılmasını təmin etmək öhdəliyi qoyulub. Üstəlik, Azərbaycan bunu tez, təhlükəsiz və maneəsiz etməlidir.
Ötən il Azərbaycan inteqrasiya planını təqdim etmişdi. Rəsmi Bakı əmin edir ki, öz Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin hüquqlarını digər vətəndaşlarla bərabər şəkildə qorumağa sadiqdir.
Xatırlatma
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.