Taksilər ağ və qırımızı rəngdə olmalıdır0"0
Nazirlər Kabineti bu gün “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.
Qərarda taksilər üçün bir çox tələblər müəyyənləşib.
Sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri (bundan sonra - taksi minik avtomobilləri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında mühərrikli və ya elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri istifadə oluna bilər.
Taksi minik avtomobilləri kimi Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-IIQ nömrəli Qanunu ilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsi çərçivəsində imzalanmış “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” Müqavilənin tələblərinə uyğun olaraq müəyyən edilmiş M1 kateqoriyasına aid minik avtomobilləri istifadə oluna bilər.
İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.
Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır. Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.