Ermənistan Solovyovun proqramlarını blokladı

Ermənistan Rusiyanın kremlyönlü teleaparıcısı Vladimir Solovyovun RTR Planeta kanalında yayınlanan müəllif proqramlarının translyasiyasını bloklayıb.
Bu barədə məlumatı Ermənistanın Teleradio Şəbəkəsi yayıb.
Xəbər verilir ki, Vladimir Solovyovun “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” proqramları bloklanıb.
Ermənistan Teleradio Yayınları Şəbəkəsinin bəyanatında deyilir ki, bloklama qərarı Ermənistan və Rusiya arasında kütləvi telekommunikasiyalar sahəsində əməkdaşlıq razılaşmasının 4 və 5-ci maddələrinin müntəzəm pozulması faktları ilə bağlıdır.
Hələ fevral ayının sonlarında Ermənistan XİN razılaşmanın pozulması ilə bağlı Rusiyanın Ermənistandakı səfirliyinə nota vermişdi.

“İnsident”

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan o vaxt hansı pozuntulardan söhbət getdiyini açıqlamamışdı.
O yalnız bunu demişdi ki, “insident fevralın 25-də Rusiya telekanallarından birində baş verib”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, fevralın 25-də Vladimir Solovyovun müəllif proqramında bir neçə dəfə Ermənistanın və onun rəhbərliyinin adı çəkilib və bu zaman təhqiramiz ifadələrdən istifadə olunub.
2023-cü ilin dekabrında Ermənistanın teleradio tənzimləyicisi “Sputnik Armenii” radiostansiyasının lisenziyasını bir aylıq müddət üçün geri çağırmışdı.
Buna səbəb isə Rusiyanın başqa bir təbliğatçısı – Tiqran Keosayanın öz müəllif verilişində səsləndirdiyi şərhlər idi.

Paşinyan hökumətini devirməyə çağırışlar

Ermənistanın teleradio tənzimləyicisinin fikrincə Keosayan müəllif verilişində “xarici vətəndaş kimi buna mənəvi haqqı çatmasa da ölkə (Ermənistan-red) və onun xalqı haqqında alçaldıcı və lağlağı ifadələrə yol vermişdi.
Bu da qeyd olunmalıdır ki, Keosayan Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyanın əridir.
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Fransanın France 24 telekanalına müsahibəsində demişdi ki, Rusiya nümayəndələri Ermənistan vətəndaşlarına küçələrə çıxmaları və hökuməti devirmələri üçün çağırışlar edirlər.
Paşinyan vurğulamışdı ki, Rusiya telekanalları müntəzəm olaraq şəxsən onun və hökumətinin barəsində saxta və qərəzli məlumatlar yayırlar.