Fransa üçün sülh anlayışı işğalçı Ermənistana dəstək deməkdir - ŞƏRH + FOTO

Azərbaycana qarşı qərəzi dövlət siyasətinə çevirən Emmanuel Makron Fransası riyakarlığını davam etdirir.

Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ABŞ Dövlət katibi Antoni Blinken ilə mətbuat konfransında Azərbaycanla bağlı növbəti dəfə qərəzli mövqe sərgiləyib. Nazirin səsləndirdiyi iddialar onu deməyə əsas verir ki, Fransa bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərini kənara qoymaq istəmir, əksinə siyasi riyakarlığını genişləndirməyə çalışır.

Makronun və komanda üzvlərinin qərəzi o həddə çatıb ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, bir milyon azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanı sülhpərvər ölkə kimi təqdim edirlər. Bu, Yelisey sarayının həm ATƏT-in keçmiş Minsk qrupuna vasitəçiliyi dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir. Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi isə bütün hədləri aşmaq deməkdir.


Fransanın anti-Azərbaycan siyasətinin günbəgün artmasının səbəbi bəllidir: daxili, xarici uğurları, beynəlxalq nüfuzu durmadan artan rəsmi Bakını həzm etməmək.

Xüsusən də Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirəcəyi bir dönəmdə ölkənin imicinə xələl gətirməyə çalışan Paris anlamalıdır ki, bu kimi destruktiv fəaliyyətə nə qədər ki son qoyulmayıb, bu, həm Fransanın onsuz da zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək.

Xarici işlər naziri Stefan Sejurnenin səsləndirdiyi iddialar da Fransanın ölkəmizə qarşı qərəzliliyini, bütün imkanlardan istifadə edərək Azərbaycanı hədəfə gətirmək niyyətini, ümumilikdə Cənubi Qafqazda kövrək sülhü pozmağı və regionu yeni münaqişə ocağına çevirmək istəyini nümayiş etdirir.

Əvvəla, başda Sejurne olmaqla Fransa diplomatları Azərbaycanın suveren ərazisini kimlərin talaması, minaları oraya yerləşdirməsi, ərazidə kimin etnik təmizləmə aparması suallarına cavab verməlidirlər.


İkincisi, Fransa Azərbaycanı ittiham etməkdənsə Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv neokolonializm siyasətinin gətirdiyi fəlakətlərdən nəticə çıxarmalıdır. Paris öz müstəqilliyinə qovuşmaq istəyən keçmiş koloniyalarda fəallara qarşı təzyiq, təqib və cəzalandırma metodlarından, həmin xalqların müstəqillik uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlərdən əl çəkmək haqqında düşünməlidir. Fransanın müstəqillik tərəfdarı olan Yeni Kaledoniyanın başına gətirdiyi müsibətləri yada salaq. Məlumat üçün bildirək ki, Senat aprelin 2-də əyalət seçkiləri üçün seçki orqanını genişləndirmək məqsədilə həssas məsələ olan konstitusiya dəyişikliyini təsdiqləyib. Yeni Kaledoniyanın müstəqil hərəkatlarının nümayəndələrinin fikrincə, bu addım yanlış idarəçilik və repressiya səbəbindən dərin iqtisadi böhranın hökm sürdüyü arxipelaqda loyallarla müstəqillik tərəfdarları arasında gərginliyi artırır. Beləliklə, Fransa Senatında keçirilən səsvermə son dərəcə gərgin vəziyyət yaradaraq ada sakinləri ilə mərkəzi hökumət arasında ciddi fikir ayrılıqlarına səbəb olub.


Bütün bunlara baxmayaraq, Yeni Kaledoniya müstəqillik yolunda yeni müttəfiqlər qazanıb. Buna misal kimi, dənizaşırı ərazilərin müstəqilliyi uğrunda hərəkatın tərəfdarlarından biri olan, neokolonializmlə mübarizə məqsədilə yaradılmış Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunu göstərmək olar. Belə ki, bu qrup bir sıra digər ərazilər kimi arxipelaqın vətəndaşlarına lazımi dəstək göstərir. Hər halda, son addımlar Paris ilə bu dənizaşırı arasında qarşıdurmada yeni mərhələnin başlamasına səbəb olub. Odur ki, Fransa dövlətinin Yeni Kaledoniya əhalisinə təzyiqləri davam edəcək. Kaledoniyalılar hesab edirlər ki, Fransanın mərkəzi hökuməti onların iradəsindən yan keçməyin yollarını və əks fikirlərin qarşısını almaq üçün texniki imkanlar axtarır.

Üçüncüsü, Fransa başa düşməlidir ki, ona Cənubi Qafqazda neokolonializm siyasəti həyata keçirməsinə imkan verilməyəcək və bu siyasətin, eləcə də regionda vəziyyətin gərginləşməsinə yönəlmiş əməllərinin fəsadlarını həm özü, həm də ciddi cəhdlə müdafiə etməyə çalışdığı Ermənistan yaşamağa məcbur olacaq.

Dördüncüsü, Fransanın yürütdüyü aqressiv siyasət, destruktiv fəaliyyət Fransanın onsuz da sarsılmış imicini daha da korlayır və Ermənistanın çıxılmaz vəziyyətini bir qədər də dərinləşdirir.


Bu arada qeyd edək ki, ötən il oktyabrın 20-də Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda bir sıra ölkələrin, həmçinin Fransanın dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik və Qvadelupa), eləcə də Korsikanın nümayəndələri iştirak ediblər.

Beləliklə, prezidentliyi dövründə seçicilərin etimadını və dəstəyini itirmiş Emmanuel Makron hakimiyyəti ölkəsinin uğursuzluqlarından dərs çıxarmaq əvəzinə qərəzli və ikili siyasətini davam etdirir. Onun seçki ərəfəsindəki gedişləri isə suda boğulanın saman çöpündən yapışmasına bənzəyir.

“Report” İnformasiya Agentliyi