Azərbaycanın narahatlığına baxmayaraq, ABŞ Brüssel görüşünün keçirilməsində israrlıdır - ŞƏRH
Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə .
Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək mövqelərini izah etməyə çalışması Prezidentin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir. ABŞ Dövlət katibi çox yaxşı başa düşür ki, Qafqaz regionu üçün nəzərdə tutulan hər hansı bir plan Azərbaycanla razılaşdırılmadan reallaşdırıla bilməz.
Azərbaycan tərəfi 5 aprel görüşünün keçirilməsinə qarşı çıxsa da, Qərb bu məsələdə öz gündəliyini irəli aparmaqda israrlıdır. Hələ Blinkenin telefon zəngindən əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi görüşlə bağlı bəyanat yayaraq bildirib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Həmçinin, qeyd olunub ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.
Prezident İlham Əliyev də bugünkü telefon söhbətində qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Dövlət başçısının qənaətinə görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.
Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, Rusiya, Türkiyə, ən əsası Azərbaycan tərəfinin yer almadığı görüşdə hər hansı sülh gündəliyinin müzakirəsi absurd görünür. Sözügedən görüş və yazılmış ssenari Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə tutur. Bu ölkə 30 il ərzində regionda Rusiyanın platsdarmı olub, indi isə Fransa başda olmaqla, Qərbin hərbi meydanına çevrilir. Bütün bu proseslər isə İranın susqunluğu şəraitində baş verir. İran sərhədlərində ABŞ və Avropa İttifaqının hərbi bazasının qurulduğunu görmür.
Azərbaycan regionda yeni reallıq və status-kvo yaradıb. Öz hərbi gücü hesabına 44 günlük Vətən müharibəsi, eləcə də antiterror tədbirlərində qazandığı qələbə ilə öz suverenliyini bərpa edərək bölgədə yeni reallıqlar yaradıb. Qərb və Ermənistanın havadarları bununla barışmaq istəmir və Ukrayna cəbhəsi kimi Cənubi Qafqazda ikinci cəbhə, eləcə də yeni ayırıcı xətlər yaratmağa çalışırlar. Gürcüstan da bu məsələlərlə bağlı öz mövqeyini bəlli etməli, Azərbaycanla birlikdə olmalıdır. Təəssüf ki, bu ölkənin hakimiyyəti qərbpərəst xətti yürüdür. Rusiya Ermənistanda gedən proseslərlə heç vaxt barışmayacaq. Rusiya Ukraynada uzun müddət gözləmə mövqeyində olduğu üçün keçmiş müttəfiqini itirdi və indiki vəziyyətə düşməli oldu.
Qərb Ermənistanı ikinci Ukrayna və ya Suriyaya çevirir. Regionda yaranmış yeni reallıqlar Ermənistanı ən zəif duruma salır. Bu ölkə qərbə çox bel bağlasa da, yarı yolda qalacaq. Müstəmləkələrini itirməkdə olan Fransa bu proseslər fonunda yenə də itirməyə davam edir. Bu ölkənin Qafqaz siyasətində qeyri-balanslı mövqeyi, Ermənistanda revanşist qüvvələrə dəstək verməsi İrəvanı uçuruma aparır. Qərbin məkrli planı Ermənistanı Əfqanıstan və Suriya kimi barıt çəlləyinə, terrorçuların, narkotacirlərin cəmləşdiyi məkana çevirəcək.
Azərbaycan regionda öz problemini həll edib, ərazi bütövlüyü və suverenliyini təmin edib. Bu regionda yeni münaqişə ocaqlarının yaranmasına, Ermənistanın xarici havadarlarının fitvası ilə yenidən təxribatlar törətməsinə imkan verilməyəcək.
“Report” İnformasiya Agentliyi