Xalq artisti Muxtar Maniyevin doğum günüdür
Bu gün Azərbaycan kino sənətinin tanınmış simalarından biri, xalq artisti Muxtar Maniyevin doğum günüdür.
Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakıda doğulub. İlk təhsilini şəhərin 199 nömrəli məktəbində alıb.
Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ikinci təhsil alıb.
Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib.
Sonrakı illərdə "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar Maniyev yaddaqalan obrazlar yaradır.
Muxtar Maniyevin "Bəyin oğurlanması" filmindəki qonaq rolu da uğurlu rollarından biridir. "Bakıda küləklər əsir", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilib.
Xalq artisti Muxtar Maniyev 22 dekabr 2016-cı ildə vəfat edib.