Naxçıvan Penitensiar Xidmətinin rəisinə 10 il həbs cəzası kəsildi: Pulların kimə verildiyi açıqlanıb
İlyarım öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda keçirdiyi əməliyyatlarda həbs olunan məmurlardan biri – Muxtar Respublikada Penitensiar Xidmətin rəisi olmuş Tofiq Həsənov 10 il azadlıqdan məhrum edilib. Aprelin 3-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Alınan rüşvətlər son nəticədə...
2016-cı ildən Penitensiar Xidmətə rəhbərlik edən T.Həsənova mənimsəmə və külli miqdarda rüşvətalma kimi ittihamlar verilmişdi. Ziyanı ödədiyi əsas gətirilərək mənimsəmə ittihamına xitam verilib. Rüşvət ittihamı ilə isə 10 il həbs cəzası kəsilib.
T.Həsənovun general-mayor rütbəsindən məhrum edilməsi məsələsi də hökmdə əksini tapıb. Bununla bağlı Prezident Administrasiyasına təqdimat göndəriləcək.
Təqsirləndirilən general rəhbərlik etdiyi Penitensiar Xidmətdə çalışan bir sıra şəxsləri rüşvət müqabilində işə götürməkdə suçlanır. Cinayət işinin materiallarında toplam 52 nəfərdən rüşvət alınmasından bəhs olunur.
Məhkəmədə dindirilən şəxslər pulu Penitensiar Xidmətin Katiblik şöbəsinin rəisinə verdiklərini deyiblər. O da öz növbətində alınan pulların Penitensiar Xidmətin rəisinə çatması haqda ifadə verib.
T.Həsənov məhkəmədə özünü qismən təqsirli bilib və etiraf edib ki, rüşvət alınması halları olub. Onun sözlərinə görə, alınan vəsaitlər son nəticədə Naxçıvanın keçmiş ədliyyə naziri Daşqın Rəhimovla Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbova çatdırılıb. T.Həsənov V.Talıbova pulların sürücüsü vasitəsilə çatdırıldığını deyib.
D.Rəhimov 2020-ci ildə nazir təyin olunub, 2022-ci ilin oktyabrında bu vəzifədən azad edilib.
T.Həsənov məhkəmə iclaslarına təcridxanadan onlayn qaydada qatılıb.
Xatırlatma
2022-ci ilin noyabrında DTX əməkdaşlarının Naxçıvan MR-də keçirdiyi əməliyyatlar nəticəsində T.Həsənovla yanaşı, Maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da həbs olunublar. Barələrindəki cinayət işinə xitam verilməsə də, həbs olunan məmurların çoxu bir müddət öncə azadlığa buraxılıb.