Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə postmünaqişə dövründə regional vəziyyəti müzakirə edib - FOTO
4 aprel 2024-cü il Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regionda mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov hansı vəzifədə çalışmasından asılı olmayaraq, Azərbaycan və Türkiyə arasında mövcud möhkəm qardaşlıq və dostluq münasibətlərinə verdiyi töhfələrə görə Mövlud Çavuşoğluna təşəkkür edib.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu qeyd edilib. Xüsusilə, ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərindən sonra baş tutan andiçmə mərasimində möhtərəm cənab Prezidentin TDT ilə bağlı qeyd etdiyi tarixi fikirlərin sözügedən Təşkilatın inkişafı ilə bağlı səylərimizin bundan sonra da davam etdiriləcəyini sübut etdiyi vurğulanıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi, aparılan danışıqlar və mövcud çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov bölgəmizdən uzaqda yerləşən bir sıra dövlətlərin regional sülh və inteqrasiya səylərinə, habelə kövrək normallaşma prosesinə hədə törədən birtərəfli mövqe nümayiş etdirməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Mövlud Çavuşoğlu ölkəmizdə səfərindən, aparılan faydalı fikir mübadiləsi, habelə nümayiş olunan yüksək qonaqpərvərlikdən məmnunluq duyduğunu ifadə edib.
Bundan öncə Türkiyə Respublikasının xarici işlər naziri qismində fəaliyyəti dövründə olduğu kimi hazırkı vəzifəsinin icrası zamanı da iki ölkə arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi diqqətə çatdırılıb.
Regional sülh və təhlükəsizliyin bərqərar olunmasına törədilən hədələrlə bağlı Azərbaycanın haqlı mövqeyi və narahatlıqlarının öz növbəsində Türkiyə tərəfindən də daim dəstəkləndiyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün, @TBMMresmi-nin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım @MevlutCavusoglu ilə faydalı görüşümüz baş tutdu. Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq & postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq. pic.twitter.com/iYtY8DI53z
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) April 4, 2024