Hansı xəstəxanadan razısınız?!
Azərbaycan səhiyyəsində prioritet məsələ əhalinin sağlamlığını qorumaqdır. Amma xəstəxanalarda əhaliyə göstərinlən səhiyyə xidməti haqda birmənalı fikir yoxdur. İstər özəl, istərsə də dövlət tibb müəssisələrinin işindən razılıq edənlər də var, narazılıq edənlər də. Azərbaycan səhiyyəsinin real mənzərəsini bir-iki xəstəxanaya getməklə də görmək olar.
Modern.az saytı müxtəlif peşə sahiblərini xəstəxanlarla bağlı sorğuya çəkib: hansı xəstəxanaların işindən razı, hansından narazısınız?
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Bakı Sağlamlıq Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasından razılığını bildirib:
“Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxsində yaxınlarımızın sağlamlıq problemi ilə əlaqədar müraciət etdikdə həm kollektivin professional fəaliyyətinin, həm də tibbi-texniki təchizatın yüksək səviyyədə olmasının şahidi olmuşuq. Digər xəstələrə münasibət də eyni səviyyədədir.
Abşeron Rayon Mərkəzi Xəstəxanası da son bir ildə kifayət qədər yüksək nəticə əldə edən və vətəndaş məmnuniyyətinə nail olmaqda böyük yol keçmiş tibb ocaqlarındandır. Bunu öz müşahidələrimə və oradakı pasiyentlərin mənə dediklərinə əsasən söyləyirəm. Düşünürəm ki, biz qısa müddətdə daha da böyük dəyişikliklərin şahidi olacağıq”.
Xalq artisti, kinorejissor Əbdül Mahmudov isə indiyə qədər getdiyi heç bir xəstəxanadan razı qalmadığını vurğulayıb:
“Heç bir xəstəxanadan razı qalmamışam. Mən artıq Bakı apteklərindən dərman da almıram. Çünki nə xəstəxanalara, nə də apteklərə inamım var. Bunun səbəbləri var. Mən iki dəfə COVİD-19-a yoluxdum. Respublika Kliniki Xəstəxanasaında və Eksperimental xəstəxanada oldum. Lakin orada aldığım müəlicənin heç bir xeyri olmadı. Bunlar cəhənnəm, o xəstəxanaların yeməyindən mədəm də korlandı. Birində 4 gün, digərində 1 sutka yarım qaldım. İkisindən də qaçdım. Xəstəxana yox, bazardır. Tibb bacıları adam-zad saymırdılar. Gündəlik ciblərinə xərc qoysan, başqa məsələ. Peşəkarlıq səviyəsindən danışsaq, demək olar ki, Azərbaycanda tibb sistemi ümumiyyətlə pozulub. Mən olduğum xəstəxanalardan danışıram. Hələ özəllərdən bəhs etmirəm. Özəllər pullu olduğundan, yəqin ki, onlarda vəziyyət daha gərgindir”.
Müsahibimiz xəstəxanalarla bağlı vətənaşlara müraciət də edib:
“Canına yazığı gələn, özünə hörmət edən əvvəla çalışsın xəstələnməsin, xəstələnsə də, nəyi varsa satsın və gedib Avropada müalicə olunsun. İndiyə qədər bir vəzifəli, pullu adamın Azərbaycanda müalicə aldığı eşidilib?”.
İqtisadçı ekspert Akif Nəsirli isə Elmi-Tədqiqat Kardiologiya İnstitundan razı qaldığını deyib:
“Yanvar ayında ailə üzvlərimdən birini müalicə üçün Elmi-tədqiqat Kardiologiya İnstituna aparmışdım. Onu çox yüksək səviyyədə müayinə və müalicə etdilər. Yaqubova soyadlı həkimin müalicəsini aldıq. Çox mədəni formada hamı növbəyə dayandı. Xəstəxanada icbari tibbi sığorta keçərlidir. Bahalı müayinələrin hamısı ödənişsiz oldu. Biz həmin xəstəxanadan çox razı qaldıq. İstərdik ki, bütün xəstəxanalar bu formada fəaliyyət göstərsin”.
İqtisadçı narazı qaldığı xəstəxanalardan da danışıb:
“Fevral-mart aylarında bir qohumumu Milli Onkologiya Mərkəzinə müalicə və müayinə üçün aparmışam. Bizə icbari tibbi sığortaya daxil olmadıqlarını elan etdilər. Mən bunu əvvəlcədən də bilirdim. Məsələ burasındadır ki, onkoloji xəstələrə yardım haqqında qanun var. Onkoloji yardım haqqında qanunun 3.4-cü maddəsinə görə, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə dövlət tibb müəssisələrində müayinə və müalicə, tibbi yardım dövlət büdcəsi hesabına aparılır. Qarşıma çıxan həkimlərin hamısına qanunu xatırlatdım. Birmənalı olaraq heç kəs buna əhəmiyyət vermədi. Deməli, bütün müayinələr və müalicə ödənişlidir. Ödənişin qəbzini də vermirlər. Qanın ümumi analizi 70, kolonoskopiya 250, MRT müayinəsi 150, rentgen müayinəsi isə 30 manatdır. Kimyaterapiyanın bir proseduru 250-600 manat arası dəyişir. Hər yerdən orada adam vardı. Mən orada bir qanun görmədim.
Zərifə Əliyeva adına Oftolmologiya Mərkəzində həkimlər doğrudan da çox mədəni və professionaldırlar. Təmannasız da xidmət göstərirlər. Amma orada həkimlər müayinə aparatlarına göndərir. Hər bir aparatın yanında adam qoyulub. Gələn bütün xəstələrdən pul yığırlar. Düzdür, elə böyük məbləğ deyil. Hər xəstədən hər aparat üçün 5, 10, 15 manat alırlar.
Hər iki mərkəz dövlətə məxsus olduğundan vətəndaşlara ödənişsiz xidmət etməlidir. Verilən anketlərin üzərinə də “ödənişsiz” yazılır. Buna baxmayaraq, konkret pul yığırlar. Nə milli Onkologiya Mərkəzi, nə də Milli Oftolmologiya Mərkəzində icbari tibbi sığorta işləyir. Anladıq ki, sığorta işləmir, bəs qanunlar necə? Qanunlar işləməlidir axı!”.
Politoloq Natiq Miri qohumunun Mərkəzi Klinikada yaşanan problemindən bəhs edib:
“Bir müddət əvvəl mənim qohumum ürəyinə stent qoydurmaq üçün Mərkəzi Klinikaya müraciət edib. Bu zaman ondan bir yox, iki stentin pulunu alıblar. Qohumumun mənə dediyi məsələni konkret olaraq sizə bildirirəm. Mən praktiki olaraq həkimlərdən və xəstəxanalardan uzaq olduğum üçün şəxsən belə məsələlərlə üzləşmirəm. Müraciət edəcəyim halda isə acınacaqlı vəziyyətlə üzləşəcəyimi bilirəm. Ancaq konkret özüm belə məsələ ilə üzləşməmişəm. Mənim qohumlarımın yaşadağı acınacaqlı vəziyyət göz qabağındadadır”.
Natiq Miri təhsil və tibb sahəsinə dövlətin daha çox diqqət ayırmalı olduğunu qeyd edib:
“Təhsil və tibb məsələsi millətin gələcəyi ilə bağlıdır. Ona görə də mən təhsil və tibb sahəsinə dövlət tərəfindən xüsusi diqqətin ayrılmasını təklif edərdim. Bütün bu bəlaların əsas səbəbi korrupsiyadır. Korrupsiya ortadan qaldırılmadan bu cür məsələlərin həlli mümkün olmayacaq. İdarəetmədə də ciddi qüsurlar var”.
Jurnalist Məhərrəm Əliyev Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 saylı bölməsində problem yaşadıqlarını qeyd edib:
“Bir müddət əvvəl qardaşımın 1 yaş 7 aylıq uşağı yıxılıb başı yarılmışdı. Onu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 saylı bölməsinə aparıblar. Həkimlər deyiblər ki, uşaq xəstəxanasına aparın, baxa bilmərik. Qardaşım deyib ki, uşaq qan itirir, bəs sizin insafınıza nə gəlib? Barı, sarğı qoyun, onu da etməyiblər.
Orada heç kim uşağa baxmayıb. Uşağı qan itirə-itirə 20 saylı şəhər poliklinikasına aparıblar. Orada da əvvəlcə heç kim baxmaq istəməyib, səs-küy salandan sonra sarğı qoyublar. Bu söhbətin, davanın fonunda da uşaq başından qan itirib”.
Jurnalist TƏBİB-ə müraciət etdiklərini, nəticədə həkimlərlə bağlı qərar verildiyini söyləyib:
“Qardaşımın övladının işi ilə bağlı yekun qərar verilib, həkim, tibb bacısı, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmə müdiri işindən azad edilib.
Bölmə müdirinin öz ərizəsinə əsasən, əmək müqaviləsinə xitam verilib. Eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yol verdikləri kobud pozuntuya görə, böyük həkim və tibb bacısının əmək müqaviləsinə xitam verilib.
Böyük tibb bacısına isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət elan edilib. TƏBİB-ə düzgün araşdırma üçün təşəkkür edirəm”.