Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilir.

“Report”un məlumatına görə, sənəd qəbulu martın 1-dən başlamaqla iyunun 15-dək davam edəcək.

Bildirilib ki, müvafiq seçim qaydalarının tələblərinə uyğun olaraq sənədləri uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun (ARDNF) nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müvafiq balı toplamış namizəd isə müsabiqə mərhələsinə buraxılır.

Xatırladaq ki, Dövlət Proqramı 2022-2026-cı illərdə hər il 400-ə yaxın şəxs olmaqla ümumilikdə iki min nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasını nəzərdə tutur. Bu yerlərdən ən azı 80 faizi isə magistratura səviyyəsini əhatə edəcək.