76 yaşlı AXCP üzvünü saxlanılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin üzvü Əmrah İsmayılovun aprelin 4-də saxlandığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.
AXCP-dən qeyd olunub ki, Ə.İsmayılov ötən ay narkotik ittihamı ilə Daşkəsəndə həbs olunan Sahib Məmmədzadənin qohumudur.
S.Məmmədzadənin bacısı Tacirə Məmmədova isə bildirib ki, Ə.İsmayılovu günorta saat 12 radələrində polis saxlayıb: "Aprelin 4-də traktor sürdüyü yerdə tutublar. Bəhanə ediblər ki, guya içkili vəziyyətdə traktor sürüb. Amma belə deyil. Əmrah bəy yaşlı adamdır, 76 yaşı var. Sahibə görə qisas alırlar. Özü AXCP üzvüdür, Sahibi də müdafiə edir. Ona görə tutublar".
Daxili İşlər Nazirliyindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.
Martın 18-də saxlanan S.Məmmədzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri,...hazırlama,... və ya satma) maddəsi ilə ittiham edilir. Onun haqqında ilkin 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittiham ilə razılaşmır, həbsini siyasi fəaliyyəti ilə izah edir.
Müxalifətdə olan AXCP-nin hazırda 10-a yaxın fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiyadan onların siyasi sifarişlə şərləndiyini bəyan ediblər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.