Ünvanlı sosial yardım alanlar kəskin azalanda uşaqpulu yada düşür...
Son yeddi ildə Azərbaycanda ünvanlı sosial yardım (ÜSY) alanların sayı iki dəfədən çox azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin sonunda 64 min ailə və ya 272 min 300 şəxs ÜSY alıb. Bu rəqəm 2022-ci il ilə müqayisədə 18.5 min nəfər və ya min 500 ailə azdır. 2017-ci il iyulun 1-də isə ölkədə 120.3 min aztəminatlı ailənin 498.4 min üzvünə ÜSY verilib.
Azərbaycanda ÜSY verilməyə başlayanda (2006-cı il) uşaqpulu kəsilmişdi. İndi bəzi sosial şəbəkə istifadəçiləri belə bir sual verirlər: Ünvanlı sosial yardım alanlar azalırsa, uşaqların sosial müdafiəsi gücləndirilməli deyilmi?
Deputat Vüqar Bayramov deyir ki, ÜSY alanlar azalsa da, məbləğdə artım var
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov mövzu ilə bağlı AzadlıqRadiosuna danışarkən diqqəti alınan məbləğə yönəldib: "Hər ailə üçün orta hesabla ünvanlı yardım məbləği 420 manata yaxındır. Bu da əvvəlki illərlə müqayisədə artımdan xəbər verir, 2023-cü ildə 360 manat idi. Təhlillərimiz göstərir ki, sayın azalması yardım alanların proqram müddətinin başa çatması, onların müraciət hüququnun olmaması ilə bağlıdır. Bəziləri artıq ünvanlı sosial yardım üçün ardıcıl olaraq müraciət ediblər, digərlərinin gəlirlərində dəyişiklik baş verdiyi üçün müraciət hüquqları olmayıb".
V.Bayramovun fikrincə, ÜSY ilə bağlı müraciətlərin şərtlərinin yüngülləşdirilməsinə ehtiyac var: "Avtomobili olanlar ÜSY-dən faydalana bilmirlər. Halbuki elə ailələr var ki, onların avtomobilləri kifayət qədər köhnədir, ötən sərin 80-90-cı illərində istehsal olunub. Ona görə də avtomobillərin birinci mərhələdə istehsal tarixinə uyğun diferensial olaraq qiymətləndirilməsi və istehsal ili köhnə olan avtomobil sahiblərinin müraciət imkanının yaradılması məqsədəuyğundur. Yaxud ÜSY üçün müraciət edərkən ailədə valideynlərin işləməsinə ehtiyac var, uşaqların yaş limitinə baxılıb artırılması məqsədəuyğundur".
"Şərtlərin yumşaldılmasına ehtiyac var"
Deputatın sözlərinə görə, sadalanan amillər imkan verər ki, sosial təminata ehtiyacı olan daha çox ailə bu proqramından istifadə edə bilsin. "Eyni zamanda, orta məktəbdə təhsil alan uşaqların ailələrinin gəlirləri ehtiyac meyarı götürülmüş xərclərdən azdırsa, o halda sosial yardımdan istifadə edib dövlət büdcəsindən dəstək ala bilərlər. Təbii ki, şərtlərin yumşaldılmasına ehtiyac var",-Bayramov fikrini tamamlayıb.
"Uşaq sayı artdıqca daha çox..."
İqtisadçı Rəşad Həsənov isə bildirib ki, ÜSY ümumi gəlir tarazlığını təmin etmək üçün yaradılmış mexanizm olsa da, uşaqların sosial müdafiəsi kimi effektiv deyil. Onun fikrincə, bundan ötrü birbaşa ünvanlı mexanizm yaradılmasına ehtiyac var: "Xalq arasında geniş ifadə olunan uşaqpulunun mexanizmi yaradılmalıdır. Burada həm demoqrafik, həm keyfiyyətli təhsil xidmətlərinə çıxış və həm də sağlam qidalanma kimi parametrləri özündə əks etdirən vahid siyasət həyata keçirilməlidir. Əsasən də diferensiallıq prinsiplərinə əsaslanan - bir uşağa münasibətdə daha az, uşaq sayı artdıqca daha çox olmaqla aylıq ödəniş mexanizmi yaradılmalıdır".
Onun vurğulamasına görə, sadəcə, ilkin dövrlərdə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər: "Məsələn, bəzi fəaliyyət sahələri var ki, orada çalışanların əməkhaqqı çox yüksəkdir...".
Amma iqtisadçı hesab edir ki, Azərbaycanda sosial müdafiə mexanizmi alətlərinin sayının çoxluğu baxımından vəziyyət o qədər də pis deyil: "Lakin bu mexanizmlərin keyfiyyəti baxımından problem yaşanır.
Bəzən elə məhdudiyyətlər tətbiq edilir ki...
Məsələn, iki dəfə Məşğulluq Xidməti tərəfindən yardım üçün təqdim edilmiş işsizin ailəsi ünvanlı sosial yardımdan məhrum olunur. Yaxud müraciət anından 12 ay əvvəl işləməyənlərə və Dövlət Məşğulluq Xidmətində issiz kimi qeydiyyatdan keçməyən insanlara münasibətdə bu mexanizm işləmir".
Səslənən təkliflərə Milli Məclisin digər üzvləri və Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb. Amma hökumət rəsmiləri, bir qayda olaraq, deyirlər ki, ÜSY almağın şərtləri son illər bir xeyli yumşaldılıb. Üstəlik, onlar ÜSY alanların sayının azalması ilə bağlı şikayətlərə cavab olaraq bildirirlər ki, 2016-cı ildən ölkədə Özünüməşğulluq Proqramı həyata keçirilir, hökumət bəzi imkansız ailələrə qarşılıqsız natura şəkilində dəstək verir. Uşaqlara aylıq müavinətin verilməsinin bərpası ilə bağlı zaman-zaman səslənən təkliflərə isə, hələlik, yaşıl işıq yandırılmır.
R.Həsənovun deməsinə görə, Özünüməşğulluq Proqramının monitorinqi aparılmasa da, onun o qədər də ürəkaçan olmadığı görünür: "Yəni yaradılan fərdi və ailə bizneslərinin davamlığında çox ciddi problem var. Fərdi biznesin və yaxud özünütəminetmə institutunun inkişafına töhfəsi çox azdır".
O xatırladır ki, ÜSY-nin məqsədi məhz formalaşmış gəlirlərin az olan hissəsinin kompensasiyasıdır: "Adamın sürücülük vəsiqəsinə, yaxud hansısa dövrdə mobil telefon xərclərinin nəzərdə tutulmuş normanın üzərində olmasına görə yardım verilməsindən imtina edilir. Nəticədə həmin ailələr müdafiə olunmur. Ona görə ciddi təkmilləşdirmələrə və daha effektiv sosial müdafiə mexanizmlərinə ehtiyac var".