Balababa Rzayevin biznesi çiçəklənir...

Yeniavaz.com xəbər verir ki, sahəsi 65,29 kv. metr olan obyektin sahibi Rzayev Fuad Balababa oğludur.
Qeyd edək ki, istismarına icazə verilən obyektin sahibi “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevin oğludur.
Məlumat üçün bildirək ki, “Azərenerji” ASC prezidentinin oğlu və digər ailə üzvləri ölkədə geniş biznes fəaliyyəti ilə məşğuldurlar.
“GBS” (“General Boards System”) QSC (VÖEN -1500855231) adlı şirkət  Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev tərəfindən 2003-cü ildə təsis edilib. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur.
“GBS” QSC-nin yerləşdiyi hüquqi ünvanda – Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir.
Belə şirkətlərdən biri də 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Zirə Aqropark” MMC-dir (VÖEN – 1503134451). Bu şirkətin qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.
Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
“GBS” QSC-yə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
2018-ci ildə Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Electro Service” QSC (VÖEN – 1504224741) adlı daha bir şirkət qeydiyyata alınıb. Hazırda hüquqi ünvanı Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşən QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.
Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.

Elnur Əli