Zəngəzur dəhlizinə yeni alternativ: “Pəmbək dəhlizi” nədir? – XƏRİTƏ
Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam edir. Rəsmi İrəvan Bakının fevralın 21-də “sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantına cavab verib.
İki ölkə arasında son günlər gərgin atmosfer hakim olsa da, danışıqların davam etməsi, “sülh müqaviləsi” layihəsinə dair təkliflərin vaxtaşırı verilməsi müsbət hadisədir. Prosesin yekunu sülh sazişinin tərtib edilməsi və imzalanması ilə nəticələnə bilər.
Sülh müqaviləsinin imzalanmasını gecikdirən bir sıra məqamlar var. Bunlardan biri regional kommunikasiyaların açılmasıdır. Əsas mübahisəli məqam isə Zəngəzur dəhlizidir.
Rəsmi Bakı Zəngəzurdan keçən yolun dəhliz prinsipi ilə, Ermənistan isə yol prinsipi ilə icrasını dəstəkləyir. Tərəflərin fərqli görüşdə olması, məsələni milli və regional maraqları ilə arqumentləşdirməsi prosesi uzadır.
Prinsip etibarilə rəsmi Bakı üçün prioritet təşkil edən əsas məsələ regional kommunikasiyaların açılmasıdır. Bunun Zəngəzurdan keçən hissəsinin dəhliz prinsipi ilə icra edilməsi bizim üçün mühüm olsa da, prioritet sayılmaya bilər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində demişdi ki, “Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib – əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir”.
Hesab edirəm, Zəngəzur dəhlizi məsələsində israr etməkdənsə dəhliz prinsipinə yaxın təkliflər verməliyik. Misal üçün Ermənistanın cənubundan, yəni Zəngəzurdan keçəcək yol ilə paralel şimaldan, yəni tarixi “Pəmbək mahal”ından keçəcək yeni bir yol istəmək olar. Bu barədə “Shah Intel” Teleqram kanalı maraqlı bir versiya irəli sürüb.
Ümumiyyətlə, Pəmbək mahalı strateji ərazidir və həm Gürcüstan, həm də Türkiyəyə gedən yolların kəsişdiyi qovşaq rolunu oynayır. Qursalı kəndi isə bu mahalın mərkəzində yerləşən mühüm yaşayış məskənidir. Tarixən azərbaycanlıların yaşadığı Pəmbək mahalı və Qursalı kəndindən keçəcək bir yoldan istifadə bizə mühüm dividentlər qazandıra bilər.
Hər şeydən öncə, bu yol vasitəsilə Türkiyə ilə daha qısa və az xərcli bağlantı qurmaq olar. Bu həm də Azərbaycan və Türkiyənin Ermənistan bazarına girişini, habelə Bakının gələcəkdə bu ərazilərdən keçəcək yeni neft və qaz layihələri ərsəyə gətirməsinə baza yarada bilər.
Burada əsas məsələ həm Pəmbək, həm də Zəngəzurdan keçəcək yollardan istifadəyə dair Ermənistandan istənilməsi mümkün olan imtiyazlardır. Buna az gömrük rüsumu, ya da rüsumsuz, maneəsiz hərəkət kimi şərtlər misal ola bilər.
Bu və bu kimi təkliflərlə Ermənistanı razı salsaq, sülh müqaviləsi istiqamətində ciddi bir əngəl aradan qalxar.
Turan Rzayev