İranın İsrailə raket hücumları gözlənilir: SEPAH komandanının gülüşü müzakirələrə səbəb oldu - VİDEO
İranın ali dini rəhbəri Seyid Əli Xamenei Tehranda Ramazan bayramı münasibətilə etdiyi çıxışda İsrailə qarşı cəza vədini yeniləyib.
Xameneinin mövqeyi İsrailin Dəməşqdəki İran konsulluğuna endirdiyi aviazərbələr və nəticədə yeddi SEPAH zabitinin həlak olmasına cavab olaraq qisas bəyanatının davamıdır.
Bəzi İran KİV-i SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin Xameneinin İsraili cəzalandırmaqdan danışarkən gülümsədiyini əks etdirən videoya diqqət çəkiblər.
İnternetdə hökumətyönlü istifadəçilər Hacızadənin gülüşünü əks etdirən görüntüləri vurğulayaraq İranın qisasının yaxınlaşdığını bildiriblər.
İranın diplomatik mənbələrindən biri Amwaj.media-ya deyib ki, Tehranda İsrailin nəzarət etdiyi Qolan təpələrinin (Suriya ərazisidir) əsas hədəf olması ilə bağlı şayiələr gəzir.
Mənbə şəxsən bunun məhdud, lakin dəqiq zərbə olacağına inandığını bildirib.
“İran International” yazır ki, ABŞ və İsrail mənbələri bildiriblər ki, Əli Xameneinin qisas çağırışından sonra yaxın günlərdə İsrailə qarşı raket və pilotsuz təyyarə hücumu qaçılmazdır.
“Bloomberg” isə kəşfiyyat mənbələrinə istinadən qeyd edir ki, İranın yüksəkdəqiqlikli raketlərdən istifadə ilə potensial hücumu yaxın günlərdə baş verə bilər.
Belə nəticəyə gəlinir ki, İslam Respublikası bölgədəki müttəfiqləri, o cümlədən “Hizbullah” və İraq şiə silahlı qrupları vasitəsilə İsrailə çoxtərəfli pilotsuz təyyarə və raket hücumunu koordinasiya edə bilər.
Bunun fonunda ABŞ Prezidenti Co Bayden İranın təhdidləri qarşısında Vaşinqtonun İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təkrarlayıb.
İsrailin xarici işlər naziri İsrael Katz Xameneinin “qisas vədi”nə cavab verib. Diplomat İranın onun ölkəsinə hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirib.
“İran öz ərazisindən hücum edərsə, İsrail buna reaksiya verəcək və İrana hücum edəcək”, - deyə XİN başçısı bildirib.
Aqil Vəlili