"Öz qövmümüzün başına əngəl-kələfiz biz"
Yəqin ki, yadınızdadır 10 il bundan əvvəl ölkənin (eləcə də dünyanın) ən tanınmış albanşünas alimi Fəridə Məmmədovaya qarşı Akademiyanın Tarix İnstitutunda hansı qaralama kampaniyası başlamışdı. Albanşünaslığa heç bir aidiyyəti olmayan institutun direktoru Yaqub Mahmudov və müavini Cəbi Bəhramov onu ermənilərə işləməkdə ittiham edirdilər. Təqib kampaniyası İnstitutun rəhbərliyindən gəldiyi üçün bəziləri də yarınmaq məqsədi ilə Fəridə xanıma qarşı çirkab atma prosesində iştirak edirdi.
Kampaniyanın əsas kordinatoru Cəbi Bəhramovdan soruşan yox idi ki, sən "Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949–1960-cı illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmisən. Sən hara, albanşünalıq hara?
Cəbi Bəhramov mətbuata açıqlamasında deyirdi: “Mən 2007-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən MDB Tarix İnstitutları rəhbərlərinin müşavirəsində iştirak edirdim. Bu müşavirədə ermənilərin də nümayəndələri iştirak edirdilər. Onlar “Siz nə üçün Fəridə Məmmədovanı təqib edirsiniz? Əvvəllər akademik Ziya Bünyadov və akademik İqrar Əliyev onu təqib edirdilər, indi də Yaqub Mahmudov təqib edir?” Əslində Fəridə Məmmədova doğrusunu yazıb. O, yazır ki, biz ermənilər erməniləşmiş albanlarıq və yalnız dilimizi dəyişmişik. İndi biz Rusiyanın köməkliyi ilə öz “torpaqlarımızı” azad etmişik və onun fikirləri bizim istəklərimizi əks etdirir sözlərini söylədilər. Sual olunur erməniləri Fəridə Məmmədova ilə bağlı narahat edən səbəb nədir?”
Əlbəttə, Fəridə xanımın araşdırmalarında erməniləri narahat edən səbəblər vardı. Amma ölkənin albanşünaslıq sahəsində nadir tarixçilərindən biri olan Fəridə xanımın son dərəcə fundamental araşdırmalarında cəbikimilərin simasında azərbaycanlıları narahat edən nə idi? Vaxtı ilə Rusiya Federasiyası Dövlət Arxivində işləyəndə Ermənistan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun Qədim Tarix şöbəsinin müdiri akademik Suren Yeremyan, Yerevan Universitetiniт “Erməni tarixi” kafedrasının müdiri professor Lendruş Xurşudyan və Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Bizans və qafqazşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Purayr Muradyan Fəridə xanımın “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası (b.e.ə. III əsr – b.e. VIII əsri) adlı dissertasiyasından 1987-cı ildə Mixail Qorbaçova 29 səhifəlik şikayət yazmışdılar.
Şikayət araşdırılmaq üçün göndərilmişdi SSRİ Elmlər Akademiyasının Tarix İnstitutuna. İnstitutun direлtor müavini akademik Andrey Saxarov həmin ilin iyun 17-də Mərkəzi Komitəyə və Ermənistan Elmlər Akademiyanın akademikləri Babken Arakelyana, Qaqik Sarkisyan , Akademiyanın müxbir üzvü və Matenadaranın direktoru Sen Arevşatyana göndərdiyi cavabda Fəridə Məmmədovanı Qafqaz Albaniyasını “azərbaycanlaşdırmaqda” ittiham edirdi.
Qəribədir Cəbi Bəhramov öz açıqlamasında ermənilərin adından deyir ki, vaxtı ilə Ziya Bünyadov və İqrar Əliyev Fəridə Məmmədovanı təqib edirdi, indi də Yaqub Mahmudov təqib edir. Halbuki erməniləri şikayətində göstərilir ki, Fəridə Məmmədovanın dissertasiyası Ziya Bünyadovun “əsassız” elmi nəzəriyyəsi əsasında yazılıb və İqrar Əliyev dissertasiya haqqında yazdığı resenziyada onu elmi kəşf və ölkə albanşünaslığıda son söz adlanırıb. Dissertasiyanın müdafiəsi zamanı İqrar Əliyev demişdi ki, “Böyük Ermənistan – böyük tarixi lətifədir.” Erməniləri qəzəbləndirən o, idi ki, Fəridə Məmmədova erməni alimlərinin zaman-zaman “erməniləşdirdiyi” Qafqaz Albaniyasının gerçək mənzərəsini qoymuşdu ortaya və dəlillərlə onların birtərəfli qaydada Albaniya tarixini saxtalaşdırdıqlarını faktlarla təqdim etmişdı. Erməni alimlərinin Mixail Qorbaçova ünvanlandığı 29 səhifəlik şikayəti oxuyanda akademik Fəridə Məmmədovanın Qafqaz Albaniyası sahəsində nə qədər böyük iş gördüyünün şahidi olursan. Əslində, albanşünaslıq sahəsində Fəridə xanım ermənilərin monopoliyasına son qoydu. Sənəd böyük olsa da lütfən özünüz oxuyun. Çox maraqlı məqamlar var bu 29 səhifəlik “ittihamnamədə”. Həqiqətən Sabir demiş "Öz qövmümüzün başına əngəl-kələfiz biz."