Bakıda vətəndaşı döyməkdə təqsirləndirilən dostların cinayət işinin bəzi detalları məlum olub - FOTO
Bakıda vətəndaşı döyərək xuliqanlıq etməkdə təqsirləndirilən dostların məhkəməsi başlayıb.
“Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli ittiham aktını elan edib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Nihad Xəlilov ötən ilin avqustun 12-si gecə saat üçdə tanışları Neman Əfkarov, Ramil Dadaşov və Fuad Haqverdiyevlə birlikdə silah qismində istifadə olunan əşyadan istifadə etməklə vətəndaşa qarşı zor tətbiq edərək, xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurublar.
Belə ki, zərərçəkmiş Mirəhməd Sadıxov Ramil Dadaşovla mobil telefonla danışan zaman sonuncunun ünvanına nalayıq ifadələr işlətdiyi üçün Mirəhməd Sadıxovla Şıxovda yerləşən “Dostluq” restoranının yaxınlığında görüş təyin edib.
Yuxarıda adları qeyd edilən dostlar bir qrup şəxs halında birləşib Mirəhmədin Ramil Dadaşovun ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edib hadisə yerinə gediblər.
Əvvəlcə Ramil Mirəhməd Sadıxovu ayağı ilə yerə yıxdıqdan sonra o, silah qismində istifadə etdiyi bita ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vuraraq qəsdən sağlamlığa ağır zərər vurub, daha sonra Neman Əfkarov bıçağın arxa hissəsi ilə yerdə uzanıqlı vəziyyətdə olan Mirəhməd Sadıxovun baş nahiyəsinə qəsdən yüngül xəsarət yetirib.
Daha sonra isə Fuad Haqverdiyev Nemanın əlində olan bıçağı alaraq silah qismində istifadə etməklə eyni vəziyyətdə bıçağın arxa hissəsi ilə Mirəhmədin alın nahiyəsindən vurub. Nihad Xəlilov da öz növbəsində silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmişin qəsdən sağlamlığa ağır zərər vurub.
Təqsirləndirilən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Fuad Haqverdiyev və Neman Əfkarova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq), Ramil Dadaşova 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə), Nihad Xəlilova isə 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) vǝ 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.