Paşinyan 1915-ci il hadisələrində ölən ermənilərin adbaad siyahısını istəyir
“Ermənistanın baş naziri Nikol Paşinyan “soyqırımına aid real əsaslar yaratmaq, soyqırıma məruz qalan soydaşların daha obyektiv siyahısının tərtib olunmasını istəyir”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan Milli Məclisi müdafiə komitəsinin sədri Andranik Koçaryan deyib.
O bildirib ki, “soyqırıma məruz qalan milyon yarım erməninin adbaad siyahısının tərtib olunması zərurudur”.
Koçaryan bunun niyə zəruri olmasının səbəblərini izah etməyə çalışıb:
"Məqsəd sadədir. Biz 1.5 milyon soydaşımızın ünvanlarını və yerini bilməliyik. Bu bizim gələcək münasibətləri qurmağımız baxımından da vacibdir. Tarix aprelin 24-dür. 1.5 milyon, 2 milyon və ya bundan az - tam dəqiqləşdirilməlidir. Əgər biz bunu belə sənədləşdirməsək qarşı tərəf həmişə deyə biləcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də...”
Koçaryan əlavə edib ki, “bizdən soyqırımı soruşanda biz həmin 1.5 milyon erməninin adlarını təqdim edə bilməliyik”:
“Bu adamların adları Soyqırın Muzeyinin divarlarına həkk olunmalıdır. Mən deyə bilməliyəm ki, soyqırıma görə bugünkü Ermənistana köçmüşəm və bu Ermənistan bizə 1946-cı ildə mühüm demoqrafik problemi həll etmək imkanı verib”.
“Bu türklərin inkar tezisidir”
Azatutyun yazır ki, soyqırım eksperti, Soyqırım Muzeyinin keçmiş direktoru Suren Manukyan hökumətin bu təşəbbüsünü təhlükəli hesab edir.
O xatırladır ki, belə bir siyahının tərtib olunması türklərin 1960-cı illərdən dövriyyəyə buraxılmış inkar tezislərindən biridir.
Soyqırım ekspertinin sözlərinə görə Yerevan bu tezisə cavab olaraq həmişə bildirib ki, nə qədər insanın ölməsi mühüm deyil, vacib olan bir qrup insanı məhv etmək niyyətidir.
Manukyan misal gətirib ki, Bosniya qətliamında 7 min nəfər öldürülüb, amma hadisə soyqırım kimi tanınıb.
Manukyan vurğulayıb ki, Osmanlı imperiyasında 1.5 milyon erməninin ölməsini Türkiyədən başqa mübahisələndirən yoxdur. O Paşinyan hökumətinin təşəbbüsü barədə deyib:
"Bəli, belə çıxır ki, illər və onilliklər ərzində bunu deyən Ermənistanın özü indi buna inanmır. Bu çox qəribdədir. Çünki beynəlxalq alimlər, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyası arasında belə bir konsensus, iki qətnamə var ki, baş verənlər elmi cəhətdən isbat olunub və əlbəttə erməni soyqırımı - soyqırım olub. İndi ermənilərin bunu şübhə altına alması qəribədir”.
“Yəqin Türkiyə və Azərbaycandan göstəriş alıb”
Azatuyun yazır ki, Ermənistan Milli Məclisinin keçmiş spiker müavini, keçmiş prezident Serj Sarkisyanın Respublika Partiyasının sədr müavini Eduard Şarmazanovun sözlərinə görə Paşinyanın “real Ermənistan” bəyanatı “real Ermənistanla tarixi Ermənistan arasında məqsədli şəkildə ziddiyyət yaradır”.
Şarmazanov deyir ki, əvvəlcə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Paşinyan indi də soyqırım məsələsini unutdurmaq istəyir.
Şarmazanov Azatutyunla söhbətində deyib ki, “Paşinyan bəlkə də Türkiyə və Azərbaycandan 24 apreli unutdurmaq göstərişi alıb”.
Bu il aprelin 24-də ermənilərin soyqırım adlandırdıqları hadisənin 109-cu ildönümü qeyd olunacaq.
Dünyanın bir çox ölkələri “erməni soyqırımını” rəsmən tanıyıblar.
Türkiyə 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin kütləvi ölümlərini etiraf edir, lakin bildirir ki, bu hadisə I Dünya Müharibəsi əməliyyatlarının kontekstində baş verib.
Ankara qurban sayının 1.5 milyon nəfər olduğunu qəbul etmir və Ermənistanı öz arxivlərini açmağa çağırır.