Azərbaycanın dörd kəndinin işğaldan azad olunması Cənubi Qafqaz regionu üçün əhəmiyyət kəsb edir - RƏY
“Azərbaycanın dörd kəndinin işğaldan azad edilməsi barədə razılıq Prezident İlham Əliyev diplomatiyasının uğurudur”.
Bu sözləri “Report”a müsahibəsində gürcü politoloq Badri Naçkebiya deyib.
Onun sözlərinə görə, bu, əslində iki ölkənin - Azərbaycan və Ermənistanın beynəlxalq vasitəçilər olmadan razılıq əldə etdiyi və müsbət nəticə verən ilk uğurudur.
“Ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən kəndlərin qaytarılması çox böyük nailiyyətdir. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə politoloq qeyd edib.
B.Naçkebiya bildirib ki, gürcü siyasətçilər 2020-ci ildəki 44 günlük müharibədən sonra sülh müqaviləsi istiqamətində aparılan danışıqları maraqla izləyirlər:
“Danışıqlar prosesində əldə olunan hər bir uğur gürcüləri də sevindirir. Danışıqların bu cür uğurla nəticələnməsi regionda davamlı sülhə nail olmaq imkanlarını artırır”.
“Düşünürəm ki, Zəngəzur dəhlizinin də açılıması ilə bağlı danışıqlar prosesində tez bir vaxtda müsbət nəticələr əldə olunacaq”, - deyə politoloq vurğulayıb.